Konstitusiyanın dəyişdirilməsi gündəmdədir

İdarəetmə sistemi dəyişdirilə, parlamentin say tərkibi artırıla bilər və  proporsional sistemə keçid mümkündür

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu


Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb. Cari ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Sərəncam həm tarixilik, həm də gələcəyə yönəlik strateji yanaşmaları əks etdirir.
Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır.
Xatırladaq ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açıb. Burada müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində, 2009-cu il martın 18-də isə 25 maddəyə əlavə və dəyişikliklər olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının gücləndirilməsi, həmçinin vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib. Beləliklə, Konstitusiya daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Dövlətçilik tariximizin ən mühüm və taleyüklü məsələsi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı Qələbənin əldə edilməsi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu. Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edilib.
Ölkəmizin suverenliyinin tam bərpasından sonra həyata keçirilən xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində nufuzunu, dost ölkələrin sayını artırıb. Azərbaycanın regional təhlükəsizlik məsələlərində rolu, beynəlxalq əlaqələrdə strateji mövqeyi daha da güclənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və prinsipial xarici siyasət dövlətimizin beynəlxalq siyasətdəki təsir gücünün artmasını təmin edib.
Milli Məclisin İnsan hüquqları komitəsinin ötəngünkü  iclasında komitə sədri Zahid Oruc deyib ki, "Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var: “Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək. Çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə “Sherg.az"a açıqlamasında qeyd edib ki,  Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, cari il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq: 
“Qeyd edim ki, 2019-cu ildə təkliflər paketi hazırlamışdıq. Təkliflərin bəziləri konstitusiya dəyişiklikləri ilə mümkündür. Bu baxımdan təkliflərə müsbət yanaşılsa, referenduma gedilməsi zəruridir. Parlamentin say tərkibinin artırılması, proporsional seçki sisteminə keçid, idarəetmə sistemi ilə bağlı dəyişikliklər üçün mütləq referenduma getməyə ehtiyac ola bilər. Referendum gözləniləndir. Azərbaycan prezidenti də bir müddət əvvəl dedi ki, hazırkı icra hakimiyyəti strukturu keçmiş sovetlərdən qalmadır. Dövlət başçısı da qeyd etdi ki, gələcəkdə başqa idarəetmə sisteminə keçilə bilər. Torpaqlarımız işğaldan azad olunandan sonra bu ərazilərdə Prezidentin xüsusi nümayəndəliyi yaradıldı. İdarəetmə sisteminin bir az da təkmilləşdirilməsi mümkündür. Konstitusiya dəyişikliklərinin edilməsini istisna etmirəm. Belə olduğu halda referendum qaçılmaz olacaq”.