“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Quba bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə bələdiyyənin sədri Allahverdi Xudaverdiyev, Qəçrəş bələdiyyəsinin sədri Faiq Mirzəliyev, Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev, Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov, Xınalıq bələdiyyəsinin sədr müavini Vaqif Həsənov, habelə Quba bələdiyyəsinin sədr müavini Nizaməddin Əmrullayev və bələdiyyə qulluqçuları iştirak ediblər.
İctimai birliyin sədri Vüqar Cəfərov iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri barədə ətraflı məlumat verib. Bu görüşədək artıq Cəlilabad, Masallı, Yardımlı, Siyəzən, Şabran və Xaçmaz rayonlarında hər birində iki gün olmaqla davam edən çoxsaylı görüşlərin keçirildiyini, maddi-mədəni irs nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv və qulluqçuları tərəfindən maraqlı təkilflərin səsləndirildiyini qeyd edib.

Layihə çərçivəsində Quba şəhərində, Qırmızı qəsəbə, Yenikənd və Möhüc kəndlərində dövlət qedyiyyatına alınmış bir çox yerli əhəmiyyətli tarixi-memarlıq abidələrinin ziyarət edildiyini qeyd edən Vüqar Cəfərov Qubanın zəngin tarixi və mədəni irsə sahib olduğunu qeyd edib. Birlik sədri qeyd edib ki, hər birimizin məqsədi bu tarixi irsə sahib çıxmaq və onu gələcək nəslə olduğu kimi çatdırmaq olmalıdır.
Vüqar Cəfərov Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü"ndə Quba rayonunda 81 yerli əhəmiyyətli tarix və mədəniyyət abidənin qeydə alındığını bildirib.
Bu gün bu tarixi-memarlıq abidələrinin böyük əksəriyyətinin əsaslı şəkildə bərpa-konservasiyaya ehtiyacı var. Bir sıra abidələrin özəl mülkiyyətdə olduğundan onun bərpası mülkiyyət sahiblərinin vəsaiti ilə aparılması qanunla müəyyən edilib. Lakin müşahidələr göstərir ki, bir sıra mülkiyyət sahiblərinin sahib olduqları tarixi abidələrin bərpa-konservasiyayasına maliyyə imkanları olmadıqlarından qeydiyyata alınmış tarixi-memarlıq abidəsi qəzalı vəziyyətə düşüb. Bununla bağlı müvafiq qurumların hərəkətə keçməyinin artıq vaxtıdır.

Quba bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev qeyd edib ki, maddi-mədəni irsimizin qorunmasında bələdiyyə də öz töhfəsini verməyə çalışır. Tarixi-memarlıq abidələrin mühafizəsi və qorunması ilə bələdiyyənin vergi xidməti əməkdaşlarını vergi ödəyiciləri ilə keçirdikləri görüşlərdə daimi bu mövzuya toxunulur və mülkiyyət sahiblərinin bu məsələyə ciddi yanaşmaları tövsiyyə olunur.
Cari ilin büdcə layihəsində bu istiqamətə maliyyə vəsaitinin ayrılacağını və bu vəsaitin Quba tarix-diyarsünaslıq muzeyinin eksponat fondunun zənginləşdirilməsinə xidmət edəcəyini qeyd edib. Sədr bununla bağlı bələdiyyə iclasında müzakirələrin aparılacağını da qeyd edib.
Sədr daha sonra bildirib ki, maddi-mədəni irsimizin qorunması hər bir bələdiyyədən maliyyə vəsaiti tələb edir. Lakin bir çox hallarda bələdiyyələrin maliyyə çətinliyi ilə üz-üzə qalması bu istiqamətdə layihələrin icrasına bəzən imkan vermir. Sədr inanır ki, büdcə gəlirlərini artırmaqla Quba şəhərində maddı-mədəni irsimizin qorunmasına, mühafizəsinə və daha da zənginləşdirilməsinə töhfəmizi verəcəyik.
Görüşdə Qəçrəş bələdiyyəsinin sədri Faiq Mirzəliyev, Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev, Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov, Xınalıq bələdiyyəsinin sədr müavini Vaqif Həsənov,habelə Quba bələdiyyəsinin sədr müavini Nizaməddin Əmrullayev mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər.

Yekunda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.
Layihə çərçivəsində növbəti görüşlərin İsmayıllı və Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.