Bərdədə şəhid ailələri və müharibə iştirakçıları ilə növbəti görüş keçirilib

“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində Bərdədə şəhid ailələri və müharibə iştirakçıları ilə növbəti görüş keçirilib.

QHT.az xəbər verir ki, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin icrasını uğurla davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir 10 iyun 2026-cı il tarixində Bərdə rayonunda, Milli Qəhrəman Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbirin məqsədi Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, müharibə iştirakçıları və qazilərin qəhrəmanlıq nümunələrini gənc nəslə tanıtmaq, onlarda vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə bağlılığın daha da gücləndirilməsinə töhfə vermək olub.

Tədbirdən əvvəl layihə rəhbəri, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb, onların sosial vəziyyəti və qayğıları ilə maraqlanıb.

Tədbirin Milli Qəhrəman Səfiyar Behbudovun anım gününə təsadüf etməsi tədbirə xüsusi məna qatıb. Tədbir iştirakçıları şəhidlərin, o cümlədən Milli Qəhrəman Səfiyar Behbudovun əziz xatirəsini ehtiramla yad ediblər. Məktəbin həyətində yerləşən abidə kompleksi ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub.

Tədbirdə çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, qazilərin və müharibə iştirakçılarının xidmətlərindən danışıblar. Bildirilib ki, şəhidlərin əziz xatirəsinin yaşadılması, onların ailələrinə diqqət və qayğının göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur.

Tədbirdə layihə rəhbəri, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, batalyon komandiri Gəray Əsədov, İkinci Qarabağ müharibəsi iştirakçısı Elçin Mehdizadə, müharibə iştirakçısı Bəxtiyar Hüsiyev, şəhid anası Məhbərə Qəribova, şəhid bacısı Sevinc Yusifli və qazi Camal Baxışov çıxış edərək şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıblar.

Tədbirin ardından şəhid ailəsi ziyarət olunub. Ailə üzvlərinin sosial-məişət şəraiti ilə tanış olunub, onları narahat edən məsələlər dinlənilib. Qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlara müraciət olunması üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, layihə çərçivəsində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.