Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi 01.05.2026-cı il tarixində “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəyə start verib.
QHT.az xəbər verir ki, bölgələrdə gender problemləri əsasən məişət zorakılığı, iqtisadi asılılıq, qərarvermə proseslərində qadınların az təmsil olunması və gender stereotipləri ilə bağlıdır. Təhsil və məşğulluqda mövcud olan bərabərsizliklər, xüsusilə bölgələrdə erkən nikahlar və qızların təhsildən yayınması halları hələ də aktuallığını qoruyur. Bölgələrdə gender problemləri adətən ənənəvi stereotiplərlə daha sıx bağlı olur və şəhər mərkəzlərindən fərqli xüsusiyyətlər daşıyır. Məsələn, bölgələrdə iş imkanlarının daha məhdud olması gender bərabərsizliyini daha da dərinləşdirir.
Layihənin əsas məqsədi bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və onların həlli yollarını araşdırmaqdır.
Bu təhlil çərçivəsində kişi və qadınların sosial, iqtisadi, təhsil və qərarvermə proseslərində bərabər imkanları, hüquqları və mövcud vəziyyəti araşdırılacaq, eləcə də mövcud bərabərsizliklər — erkən nikahlar, təhsilə çıxış və məşğulluq məsələləri “Gender bərabərliyinin təminatları haqqında” qanunvericilik çərçivəsində qiymətləndiriləcəkdir.
Layihə çərçivəsində regionlarda kişi və qadınların sosial-iqtisadi rolları, resurslara çıxış imkanları, qərarların qəbul edilməsində iştirakı və üzləşdikləri bərabərsizliklər sistemli şəkildə araşdırılacaqdır.
Layihə 3 ay müddətində Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Xocavənd rayonlarında həyata keçiriləcəkdir.