“Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsi çərçivəsində 10-cu təlim keçirilib

24 iyun 2026-cı il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsi çərçivəsində növbəti – 10-cu təlim uğurla təşkil olunub.

“Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən keçirilən təlimin əsas məqsədi valideynlərin uşaqların reabilitasiya prosesində iştirakını gücləndirmək, onların praktik bilik və bacarıqlarını artırmaq olub. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Təranə Musayeva layihənin əhəmiyyətindən danışaraq bu cür təlimlərin valideynlərin maariflənməsinə və uşaqların sağlamlığının qorunmasına mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, layihə çərçivəsində keçirilən təlimlər valideynlərə ev şəraitində düzgün reabilitasiya tədbirlərinin həyata keçirilməsində dəstək göstərir.

Növbəti təlim praktik xarakter daşıyıb və əsas diqqət üz nahiyəsində kineziolentləmə texnikalarının tətbiqinə yönəldilib. Təlimçi dr. Aynur Əhmədovanın rəhbərliyi ilə iştirakçılar qruplara bölünərək müxtəlif praktiki tapşırıqları yerinə yetiriblər. Təlim zamanı kineziolentləmənin tətbiq qaydaları, lentlərin düzgün seçilməsi, yerləşdirilməsi, istifadə zamanı diqqət yetirilməli məqamlar və mümkün səhvlərin aradan qaldırılması yolları ətraflı izah olunub. Praktiki məşğələlər zamanı iştirakçılar əldə etdikləri nəzəri bilikləri tətbiq etmək imkanı qazanıblar. Eyni zamanda, valideynləri maraqlandıran suallar cavablandırılıb, onların qarşılaşdıqları çətinliklər müzakirə olunub və müvafiq tövsiyələr verilib.

Təlim iştirakçılarından birinin müraciəti əsasında aşağı ətraflarda – (ayaq nahiyəsində) kineziolentləmə texnikası da yenidən nümayiş etdirilib və praktik tətbiq həyata keçirilib. Sonda iştirakçılara növbəti təlimədək yerinə yetirilməsi üçün tapşırıqlar verilib. Valideynlər təlimin onlar üçün faydalı və maarifləndirici olduğunu vurğulayaraq layihənin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsi çərçivəsində keçirilən təlimlər əlilliyi olan uşaqların reabilitasiyası sahəsində valideynlərin bilik və bacarıqlarının artırılmasına, onların sosial dəstək mexanizmlərindən daha səmərəli istifadə etmələrinə xidmət edir.