Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli Qəhrəman İrsinin Tanıdılması” layihəsinin icrasına başlanılıb.
QHT.az bildirir ki, layihənin əsas məqsədi milli dəyərlərimizin qorunması və gələcək nəslə çatdırılmasıdır. Bu məqsədlə maarifləndirmə və təbliğat işlərinin aparılması, gənclərin və ümumilikdə cəmiyyətin vətən, sərhəd və şəhid anlayışlarına hörmət və qayğı ilə yanaşmasının təşviq edilməsi qarşıya əsas vəzifə kimi qoyulub.
Layihə çərçivəsində keçiriləcək təbliğat tədbirlərində milli-mənəvi dəyərlərimizin təbliği həyata keçiriləcək. Layihənin hazırlıq işləri artıq tamamlanıb, media ilə əlaqələr qurulub, müqavilələr bağlanıb və layihənin icrası üçün bütün zəruri tədbirlər görülüb. Hazırda layihənin icra mərhələsinə start verilib.
Layihə Bakı şəhərində, eləcə də Ağdam, Ağdərə və Lənkəran rayonlarında həyata keçiriləcək.
Tədbirlər çərçivəsində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşlər təşkil olunacaq. Həmçinin milli qəhrəman ailələrinin də tədbirlərdə iştirakı nəzərdə tutulur.
Layihənin icra müddəti 3 ay təşkil edir.
Layihənin rəhbəri Hikmət Əsgərov, mühasibi isə Jalə Quliyevadır.
Layihə çərçivəsində ilk tədbir 25 may 2026-cı il tarixində Ağdam şəhərində keçiriləcək. Keçirilən bütün tədbirlərin foto və video çəkilişi aparılacaq.