Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam Ailə Modeli – Güclü Gələcəyə Zəmanətdir” layihəsi çərçivəsində 22 iyun tarixində Sumqayıt şəhərində “Ailədaxili münasibətlərdə sağlam ünsiyyət və konfliktlərin həlli yolları” mövzusunda təlim təşkil olunub.
QHT.az bildirir ki, təlimin əsas məqsədi ailədaxili münasibətlərdə sağlam ünsiyyətin təşviqi, ailə üzvləri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və konfliktlərin konstruktiv həlli bacarıqlarının inkişaf etdirilməsi olub. Təlimdə 15 ailə iştirak edib.

Təlim zamanı iştirakçılara ailə daxilində ünsiyyətin əhəmiyyəti, aktiv dinləmə bacarıqları, emosiyaların düzgün ifadə olunması, “Mən dili” texnikası, empatiyanın rolu, eləcə də konfliktlərin sülh yolu ilə həlli mexanizmləri barədə ətraflı məlumat verilib.
Sessiya çərçivəsində iştirakçılar ailədaxili münasibətlərdə ən çox rast gəlinən ünsiyyət problemlərini müzakirə edib, real həyat nümunələri əsasında qrup işlərində və rol oyunlarında iştirak ediblər. Təlim zamanı sağlam ünsiyyətin ailə üzvləri arasında qarşılıqlı hörmətin, etimadın və emosional yaxınlığın formalaşmasında mühüm rol oynadığı vurğulanıb.

Təlimçilər qeyd ediblər ki, ailədaxili münasibətlərdə yaranan problemlərin əhəmiyyətli hissəsi effektiv ünsiyyətin olmaması, qarşı tərəfi dinləməmək və emosiyaları düzgün idarə edə bilməməkdən qaynaqlanır. Bu baxımdan, aktiv dinləmə, empatiya, hörmətli ünsiyyət və birgə həll yollarının axtarılması ailədə sağlam münasibətlərin qurulmasına və möhkəmləndirilməsinə mühüm töhfə verir.
İnteraktiv formada keçirilən təlim iştirakçıların suallarının cavablandırılması, fikir və təcrübə mübadiləsi ilə yekunlaşıb.
Layihə çərçivəsində ailə dəyərlərinin möhkəmləndirilməsi, sağlam ailə münasibətlərinin təşviqi və ailələrin psixososial rifahının artırılması istiqamətində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.