“Sağlam ailə modeli – güclü gələcəyə zəmanətdir” layihəsinə start verildi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən “Sağlam ailə modeli – güclü gələcəyə zəmanətdir” adlı layihənin icrasına başlanılıb.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi ailə institutunun möhkəmləndirilməsi, sağlam ailə münasibətlərinin təşviqi və gənc ailələrin sosial-psixoloji dəstəklə təmin olunmasıdır. Layihə çərçivəsində yeni ailə qurmuş gənclər və ailələr üçün psixoloq və hüquqşünas xidmətlərinin göstərilməsi, ailə dəyərlərinin təbliği istiqamətində maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.

Eyni zamanda layihə çərçivəsində ailədaxili münasibətlər, sağlam ünsiyyət bacarıqları, uşaqların düzgün tərbiyəsi və ailə mühitində qarşılıqlı anlayışın formalaşdırılması mövzularında podcastlar və qısametrajlı maarifləndirici videolar hazırlanaraq sosial şəbəkələr vasitəsilə ictimaiyyətə təqdim ediləcək.

Layihənin icrası zamanı ailələrin qarşılaşdığı sosial və psixoloji problemlərin həllinə dəstək göstərilməsi, sağlam ailə modelinin təşviqi və cəmiyyətin ailə dəyərləri barədə məlumatlandırılması əsas prioritetlərdən olacaq.