"Sağlam cəmiyyət ailədən başlayır" layihəsinin yekun tədbiri keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ülvi – aztəminatlılara dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sağlam cəmiyyət ailədən başlayır" layihəsinin yekun tədbiri Sumqayıt 1 saylı Mediasiya Təşkilatının ofisində media nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, mediatorların və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə dəyirmi masa formatında keçirilib.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi milli ailə dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi, ailədaxili sağlam münasibətlərin təşviqi istiqamətində layihə çərçivəsində görülən işlərin nəticələrinin ictimaiyyətlə bölüşülməsi, bu sahədə medianın və vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması, həmçinin gələcək əməkdaşlıq imkanlarının müzakirə olunması olub.

Dəyirmi masanı giriş sözü ilə açan "Ülvi – aztəminatlılara dəstək" İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Ağanənə Seyidqızı bildirib ki, "Sağlam cəmiyyət ailədən başlayır" layihəsinin əsas məqsədi milli ailə dəyərlərinin təbliği, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyət hissinin möhkəmləndirilməsi, sağlam ünsiyyət mədəniyyətinin təşviqi, məişət zorakılığının və ailə münaqişələrinin qarşısının alınmasına ictimai dəstəyin artırılması, eləcə də hüquqi maarifləndirmənin genişləndirilməsidir.

Ağanənə Seyidqızı qeyd edib ki, layihə müddətində müxtəlif hədəf qrupları - müəllimlər, tibb işçiləri və digər ictimai təbəqələrin nümayəndələri ilə silsilə maarifləndirici görüşlər keçirilib. Bu görüşlərdə ailə institutunun möhkəmləndirilməsi, uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ailədaxili sağlam münasibətlərin formalaşdırılması və mediasiyanın imkanları ətrafında geniş müzakirələr aparılıb. O vurğulayıb ki, layihənin yekun tədbirinin məhz media nümayəndələri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilməsi təsadüfi deyil. Çünki cəmiyyətdə sağlam ailə modelinin təbliği, ictimai rəyin formalaşdırılması və sosial həmrəyliyin gücləndirilməsi işində medianın və vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük məsuliyyət düşür.

Daha sonra tədbirin moderatoru, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Etibar Həsənov ailə institutunun cəmiyyətin inkişafındakı rolundan, ailədaxili münasibətlərdə qarşılıqlı anlaşma və dialoqun əhəmiyyətindən, mediasiyanın ailə mübahisələrinin sülh yolu ilə həllində yaratdığı imkanlardan danışıb. O bildirib ki, ailə dəyərlərinin qorunması yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda maarifləndirmə, ictimai həmrəylik və sağlam ünsiyyət mədəniyyətinin inkişafı ilə mümkündür.

Sonra tədbir geniş və səmərəli müzakirələrlə davam edib. Sumqayıt TV-nin rəhbəri Elçin Abdullayev, "Bizim Şəhər" İctimai Birliyinin sədri Mətanət Zeynalova, "Sağlam Düşüncə" İctimai Birliyinin sədri Ramiz Əliyev, "Çıraq" Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri Zeynəb Hacıyeva, "Sosial Təşəbbüs" İctimai Birliyinin sədri Emil Maqalov, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova, "Qadın Təşəbbüsü və Sosial Problemlərinə Yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva, mediatorlar Feyruz Şivəxanov, Humay Əlibəyli və digər iştirakçılar ailə institutunun müasir dövrdə qarşılaşdığı çağırışlar, milli ailə dəyərlərinin qorunması, ailədaxili münaqişələrin profilaktikası, mediasiyanın tətbiqinin genişləndirilməsi, medianın maarifləndirici rolu və vətəndaş cəmiyyətinin bu sahədə üzərinə düşən vəzifələr barədə maraqlı fikir və təkliflərlə çıxış ediblər.

Müzakirələr zamanı iştirakçılar bu qənaəti bölüşüblər ki, ailə dəyərlərinin qorunması ümummilli əhəmiyyət daşıyan məsələdir və bu istiqamətdə dövlət qurumlarının, media nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının və bütün cəmiyyətin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, maarifləndirmə tədbirlərinin davamlı təşkili, mediasiya institutunun imkanlarının daha geniş təbliği və ictimai dialoqun inkişaf etdirilməsi sağlam ailə modelinin möhkəmlənməsinə mühüm töhfə verə bilər.

Tədbirin sonunda iştirakçılar layihənin uğurla başa çatmasını yüksək qiymətləndirərək, belə mühüm sosial təşəbbüsün həyata keçirilməsinə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürlərini ifadə edib, ailə dəyərlərinin təbliği istiqamətində həyata keçirilən maarifləndirmə layihələrinin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.