“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsi başa çatıb

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsi başa çatıb.

Üç aylıq dövrü əhatə edən layihə çərçivəsində birbaşa 130 gənc, ümumilikdə isə 300-dən çox gənc əhatə olunub. Bildirilib ki, layihə icra dövrünü başa vursa da, davamlılıq tədbirləri davam etdiriləcək və əhatə olunan gənclərin sayı ilin sonuna qədər 1000-i keçəcək.

Təlimlər peşəkar təlimçi və ekspertlər tərəfindən əsasən “Gənclərlə işdə rəqəmsal savadlılıq”, “Süni intellekt əsaslı kiber mühitdə tətbiqlər və təhlükəsizlik”, “Təlimçilər üçün yumşaq bacarıqlar”, “Təlimçilik bacarıqlarının inkişafı”, “Təqdimat bacarıqları”, “Süni intellekt əsaslı informasiya savadlılığı”, “Deepfake, süni intellekt tərəfindən yaradılmış məzmun və görüntü manipulyasiyası”, “İnformasiya xaosunda doğru məlumatı necə tanıyaq?”, “Dezinformasiya və misinformasiyadan necə qorunaq?” və “Ünsiyyət və kommunikasiya bacarıqları” mövzularında təşkil olunub. Təlimlər Gənclər Evlərinin əməkdaşları və digər gənclərlə iş sahəsində çalışan 25 şəxsin müvafiq mövzular üzrə təlimçi kimi formalaşmasına xidmət edib.

Eyni zamanda, layihə çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə infotur təşkil olunub. Görüş zamanı iştirakçılar kibertəhlükəsizliklə bağlı müxtəlif mövzularda praktiki məlumatlar əldə edib, güclü parol yaratmaq, fişinq hücumlarını tanımaq və onlardan qorunmaq yollarını öyrəniblər. İştirakçılar həmçinin Mərkəzdə tətbiq olunan tədris metodları və təlim prosesi haqqında ətraflı məlumat alıblar.

Layihənin davamlılıq tədbirləri çərçivəsində Saatlı Gənclər Evində, Sabunçu Gənclər Evində, Bakı Gənclər Mərkəzində və Pirallahı Gənclər Evində gənclərin məlumatlılığını artırmaq məqsədilə görüşlər keçirilib.

Layihənin əsas məqsədi gəncləri rəqəmsal dünyadan etik və təhlükəsiz istifadəyə istiqamətləndirmək, rəqəmsal savadlılıq, saxta xəbərlər (fake news), kibertəhlükəsizlik və şəxsi məlumatların mühafizəsi, süni intellekt: təhdidlər və imkanlar mövzuları üzrə bacarıqlarını inkişaf etdirmək olub.

Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyinin Gənclər Evləri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, həmçinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.