“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin icrasına start verilib

“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” adlı layihənin icrasına start verib.

QHT.az xəbər verir ki, layihə 3 ay müddətində — 01.05.2026–31.07.2026 tarixlərini əhatə edəcək. Layihənin əsas məqsədi şəhid ailələri və müharibə iştirakçılarına dəstək göstərmək, onların problemlərinin aidiyyəti qurumlara çatdırılmasına və həllinə töhfə vermək, həmçinin onların cəmiyyətə daha geniş tanıdılmasını təmin etməkdir.

Eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş Rəşadətli Ordumuzun hərbi qulluqçuları və şəhidlərin həyat və döyüş yolları barədə məlumatların ictimaiyyətə çatdırılması da layihənin əsas istiqamətlərindəndir.

Birlik şəhid ailələrinin hüquqlarının qorunması, onların cəmiyyətdə layiqli yer tutması istiqamətində fəaliyyət göstərir və bu layihənin icrasını vətəndaş cəmiyyəti nümayəndəsi kimi həyata keçirməyi planlaşdırır.

Layihə çərçivəsində şəhid ailələri və müharibə iştirakçılarına dəstək göstəriləcək, onların sosial problemləri ilə bağlı maarifləndirmə aparılacaq, həyat şəraitinin yaxşılaşdırılması üçün təşəbbüslər irəli sürüləcək.

Bu məqsədlə ailələr və müharibə iştirakçıları ilə görüşlər keçiriləcək, onların problemləri daha yaxından öyrəniləcək.

İlkin mərhələdə işçi heyətlə müqavilələr bağlanacaq, banner sifariş ediləcək və digər hazırlıq işləri görüləcək. Daha sonra layihə rəhbəri və işçi heyət Bərdə və Ağdam rayonlarına ezam olunaraq şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirəcək, onların həyat şəraiti ilə yaxından tanış olacaq.

Layihə çərçivəsində Bərdə və Ağdam rayonlarında ümumilikdə 5 tədbirin keçirilməsi planlaşdırılır. Sonda isə donor təşkilata yekun hesabat təqdim ediləcək.