Tahir Budaqov da, Eldar Əzizov da peşəkar kadrlardır, lakin... - EKSPERT

"Konkret vəzifələrə təyinat məsələsi Prezidentin konstitusion səlahiyyətlərinə daxildir və bu barədə əvvəlcədən proqnoz vermək nə siyasi, nə də hüquqi baxımdan doğru olmaz"

Bakı şəhərinin idarəetməsi ilə bağlı kulis iddiaları yenidən aktuallaşıb. Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi müəyyən versiyaları ortaya çıxarıb. Gününsəsi.info bu təyinatın təsadüfi olmadığını iddia edir. Saytın versiyasına əsasən, YAP-a “faktiki rəhbərlik edən” Tahir Budaqovun yaxın perspektivdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna gətiriləcəyi gözlənilir. Hazırda bu vəzifəni 2018-ci ildən etibarən icra edən, 69 yaşlı Eldar Əzizov tutur. Bu iddialar fonunda bir sıra suallar gündəmə gəlir: Tahir Budaqovun paytaxt rəhbərliyinə mümkün yüksəlişi nə dərəcədə real görünür? Eldar Əzizovun uzunmüddətli fəaliyyətindən sonra vəzifədən gedişi Bakı şəhərinin idarəetmə strukturunda hansı kadr və institusional dəyişikliklərə yol aça bilər? 

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında bildirib ki, icra hakimiyyəti başçılarının təyin edilməsi birbaşa Prezidentin səlahiyyətlərinə aiddir:

“Bu, Konstitusiya ilə müəyyən edilmiş hüquqdur və kadr siyasəti dövlət başçısının müstəsna səlahiyyətləri sırasına daxildir. Müntəzəm olaraq Prezident tərəfindən müxtəlif kadr təyinatları həyata keçirilir. Bu zaman əsas meyar kimi şəxslərin idarəçilik bacarığı, peşəkarlığı, şəxsi keyfiyyətləri, siyasi və iqtisadi baxışları, eləcə də dövlətçilik təcrübəsi nəzərə alınır. Bir neçə ay əvvəl də Prezident çıxışında xüsusi olaraq vurğulamışdı ki, idarəetmədə əsas yükü məhz kadrlar daşıyır. İnstitusional və struktur dəyişiklikləri vacib olsa da, həmin mexanizmləri işlək hala gətirən əsas faktor peşəkar kadrlardır. Məsələn, Tahir Budaqov uzun müddət Dövlət Statistika Komitəsinin sədri kimi fəaliyyət göstərib, eyni zamanda Yeni Azərbaycan Partiyasının icra aparatında rəhbər vəzifə tutub. O, həm siyasi, həm də inzibati idarəetmə sahəsində ciddi təcrübəyə malik şəxs kimi qiymətləndirilir. Nəsimi rayonu isə Bakı şəhərinin mərkəzi və strateji əhəmiyyətli rayonlarından biridir. Belə rayonlarda idarəetmə daha mürəkkəbdir və təcrübəli kadrların təyin olunmasını zəruri edir.Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyəti başçısı vəzifəsi siyasi-inzibati vəzifədir və bu vəzifəni icra edən şəxs ərazi üzrə sosial-iqtisadi proseslərə görə birbaşa məsuliyyət daşıyır. Əvvəlki başçının yol verdiyi nöqsanlara görə vəzifədən azad edilməsi də göstərir ki, Prezident etimad məsələsinə xüsusi həssaslıqla yanaşır”.

Ə.Nuriyev qeyd edib ki, Eldar Əzizov da uzun illər icra hakimiyyəti sistemində çalışıb:

“O, müxtəlif şəhərlərdə, həmçinin Gəncə və Sumqayıtda rəhbər vəzifələr tutmuş, daha sonra Bakı şəhərində yüksək vəzifəyə təyin edilmişdir. Bu şəhərlər böyük əhali və mürəkkəb sosial-iqtisadi struktura malikdir. Paytaxt Bakı isə xüsusi idarəetmə rejiminə malik şəhərdir və burada yüksək peşəkarlıq, koordinasiya bacarığı və strateji yanaşma tələb olunu”.

Hüquqşünasın sözlərinə görə, Bakı şəhərində müəyyən problemlər mövcuddur: 

“Nəqliyyat sıxlığı, plansız tikintilər, sosial infrastruktur çatışmazlıqları, yaşıllaşdırma balansının pozulması və s. Lakin bu problemlərin bir qismi uzun illərdən formalaşmış sistemli məsələlərdir və yalnız bir dövrün idarəçiliyi ilə əlaqələndirilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, paytaxtda bir çox səlahiyyət müxtəlif dövlət qurumları arasında bölüşdürülüb. Bu da koordinasiya baxımından çətinliklər yaradır. Bu baxımdan, Bakı şəhəri haqqında ayrıca qanunun qəbul edilməsi və paytaxtın daha muxtar və vahid mərkəzdən idarə olunması məsələsi zaman-zaman müzakirə olunur. Qərarların qəbulunda ictimai rəyin nəzərə alınması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi də mühüm istiqamətlərdəndir. Ümumilikdə istər Tahir Budaqov, istərsə də Eldar Əzizov uzun idarəçilik məktəbi keçmiş şəxslərdir. Lakin konkret vəzifələrə təyinat məsələsi tam şəkildə Prezidentin konstitusion səlahiyyətlərinə daxildir və bu barədə əvvəlcədən proqnoz vermək nə siyasi, nə də hüquqi baxımdan doğru olmaz. Gələcəkdə idarəetmədə modernləşmə, texnoloji həllərin tətbiqi və koordinasiyanın gücləndirilməsi istiqamətində dəyişikliklərin davam edəcəyi gözləniləndir. Paytaxtın idarə olunması isə hər zaman xüsusi yanaşma və yüksək peşəkarlıq tələb edən sahə olaraq qalır”.