“Yaşıl Yol Xəritəsi”: Bölgələrdə dayanıqlı tədbir mədəniyyətinə doğru

2026-cı il mayın 1-dən “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi (MVA) Qarabağ, Gəncə-Daşkəsən və Mərkəzi Aran iqtisadi rayonlarına “Yaşıl Yol Xəritəsi”ni gətirib. Məqsəd dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarına tədbirlərini daha davamlı, ətraf mühitə uyğun, sosial-iqtisadi cəhətdən faydalı və inklüziv etmək bacarıqlarını aşılamaq, eyni zamanda “Davamlı Tədbirlər Bələdçisi”nin hazırlanmasına mentor dəstəyi göstərmək olub.

QHT.az xəbər verir ki, layihənin rəhbəri, MVA-nın prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev qeyd edib ki, dünyanın bir çox ölkəsində təşkilatlar artıq tədbirləri sadəcə keçirməklə kifayətlənmir. Dayanıqlılıq dövri iqtisadiyyat prinsiplərinə əməl etmək, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləmək və ekoloji izi azaltmaq deməkdir. Bu, müasir tədbirlər sənayesinin vacib tələbidir. “Yaşıl Yol Xəritəsi” məhz bu istiqamətdə regionlarda ilk sistemli addımlardan biri kimi qiymətləndirilə bilər.

Hazırlıq mərhələsi

Layihənin ilk ayında Mingəçevir, Gəncə və Bərdədə hökumət, QHT və kommersiya qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, məqsəd və gözlənilən nəticələr izah olunub. Təlim məkanları müəyyənləşdirilib, benefisiarın siyahıları formalaşdırılıb, təlim materialları və Google anketləri hazırlanıb. MVA-nın mövcud bələdçisi regionların real ehtiyaclarına uyğunlaşdırılıb, 25 mövzunu əhatə edən sənəd toplusu üzərində iş aparılıb. Materiallar Dortmund Beynəlxalq Təhsil Mərkəzinin (IBB) “Azərbaycanda vətəndaş iştirakçılığının gücləndirilməsi” layihəsinin və “Events for Future” proqramının təcrübəsinə əsaslanıb. Layihə rəhbəri, təlimçi və ekspertlər məhz bu proqramın məzunlarıdır.

Regionlarda təlimlər

İyunun 19-dan 21-dək Bərdədə gerçəkləşən üçgünlük təlimin iştirakçıları əvvəlcə onlayn sorğu anketini doldurublar. Fərman Nəbiyev layihəni təqdim edib, təlimçi Sahib Məmmədov (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası) davamlı tədbirlərin idarə edilməsi, ekoloji iz, məkan və yaşayış yerinin seçimi, inklüziv yanaşmalar, qidalanma, standartlar və sertifikatlar mövzularını ətraflı izah edib. Qrup tapşırıqları, xüsusən açıq məkanda dayanıqlı tədbirin təşkili və bələdçinin ilkin variantının hazırlanması uğurla yerinə yetirilib. İştirakçılar materialların keyfiyyətini və təlimçinin peşəkarlığını yüksək qiymətləndiriblər. Təlim zamanı kağız və plastikdən demək olar ki, imtina edilib, materiallar WhatsApp qrupu vasitəsilə paylaşılıb, su şüşə qablarda kəhriz suyundan verilib, tullantılar üçün çeşidləmə torbaları qoyulub.

Oxşar formatda iyulun 3-dən 5-dək Gəncədə keçirilən təlimlər praktiki bacarıqların formalaşmasına yönəlib. İştirakçılar real ssenarilər üzrə ekoloji izin hesablanması, dayanıqlı idarəetmə planı və bələdçi hazırlanması tapşırıqlarını yerinə yetiriblər. “Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyinin sədri Mehman Xəlilov təlimin Ümumdünya Plastikdən İstifadənin Qarşısının Alınması Günündə başlamasını xüsusi qeyd edib və belə biliklərin ölkədə dayanıqlı tədbir mədəniyyətinin formalaşmasına töhfə verəcəyini vurğulayıb. Yaşıl qaydalar eyni şəkildə tətbiq olunub.

10-12 iyulda Mingəçevirdə baş tutan təlim isə inklüzivlik və yerli uğur hekayələri ilə fərqlənib. Cəmi 9 nəfər nəzərdə tutulmasına baxmayaraq, 9 qadın və 6 kişi iştirak edib. Anası ilə birlikdə gələn autizm sindromlu gənc qrup işlərində fəal iştirak edərək hər kəsə ilham verib. Kofe-breyklərdə yerli sakin Könül Məmmədovanın evində hazırladığı təbii şirniyyatlar təqdim olunub. Könül üç il əvvəl Mingəçevir Resurs Mərkəzinin “Mingəçevirdə Valideyn Təlatümü” layihəsi çərçivəsində şirniyyat peşəsini öyrənib və indi kiçik biznesini inkişaf etdirir. O, məhsullarını gətirməklə həm ekoloji yükü azaltdığını, həm də öz biznesini dəstəklədiyini bildirib. Layihə rəhbəri və təlimçi beynəlxalq standartları yerli reallıqlara uyğunlaşdırma yollarını təqdim ediblər.

Onlayn mentor dəstəyi

İyulun 30-da Zoom platforması üzərindən onlayn görüşlər keçirilib. Layihənin eksperti Azər Ramazanov (“Yaşlıların Təhsili Assosiasiyası”) biznes, dövlət və QHT nümayəndələrinə “Davamlı Tədbirlər Bələdçisi”nin hazırlanması, planlaşdırma, monitorinq, enerji və suya qənaət, rəqəmsal materiallardan istifadə və digər sahələr üzrə praktiki məsləhətlər verib. O, bələdçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə çatmaqda mühüm sənəd olduğunu və donor etibarını artırdığını vurğulayıb.

İyulun 16-dan avqustun 15-dək 3 dövlət, 3 QHT və 3 kommersiya təşkilatına fərdi onlayn mentor dəstəyi göstərilib. Xüsusilə “Bilik və Maarifçiliyin İnkişafı” (Gəncə), “Ekoloji İnformasiya” (Bərdə), Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (Mingəçevir) və “Davamlı İnkişaf” Hazırlıq və Peşə Kursları Mərkəzinə (Gəncə) WhatsApp üzərindən məsləhətlər verilib.

13 avqust 2026-cı ildə isə sonuncu Zoom görüşləri təşkil olunub. Bələdçini hazırlayan 2 vətəndaş cəmiyyəti, 1 dövlət və 1 biznes təşkilatının nümayəndələri öz “Davamlı Tədbirlər Bələdçisi”ni təqdim edib, sualları cavablandırıb və əlavə tövsiyələr alıblar.

Nəticə

“Yaşıl Yol Xəritəsi” layihəsi regionlarda dayanıqlı tədbir təşkili mövzusunda ilk sistemli təlimləri həyata keçirməklə yanaşı, praktiki nümunələr də nümayiş etdirib: tullantıların çeşidlənməsi, rəqəmsal materiallardan istifadə, yerli məhsullara üstünlük verilməsi, inklüzivlik və gender balansı. Layihə çərçivəsində hər üç region üzrə tullantı miqdarının azaldılmasına şərait yaradılması da hədəflənib.

Fərman Nəbiyevin sözləri ilə desək, bu təşəbbüs sadəcə bir layihə deyil, bölgələrdə yeni bir yanaşmanın – tədbirləri ətraf mühitə və cəmiyyətə hörmətlə təşkil etməyin – formalaşmasına töhfədir. Hazırlanan bələdçilər isə iştirakçı təşkilatlar üçün gələcəkdə “stolüstü kitab” statusunda qalacaq.

2026-cı il avqustun sonunadək davam edən “Yaşıl Yol Xəritəsi” adlı layihəyə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi verib.