Rusiya Qarabağ münaqişəsinin həllinə maneçilik törədərsə... - ŞƏRH

“MDB ölkələrinin müdafiə nazirlərinin Bakı toplantısında üzv ölkələr arasında hərbi, təhlükəsizlik və terrorizmə qarşı mübarizə kimi məsələlər müzakirə olunub”. 

Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, mühüm toplantının Bakıda keçirilməsi Azərbaycanla üzv ölkələrin müdafiə nazirləri arasında daha sıx əməkdaşlığa gətirib çıxaracaq: 

“Silah ticarəti üzrə yeni müqavilələrin bağlanması Ermənistana qarşı bu ölkələrin Azərbaycana dəstək verməsini dayanaqlı edəcək. Azərbaycan Müdafiə Nazirliyi ilə Belarus, Qazaxıstan və Qırğızstan müdafiə nazirlikləri arasında bu kimi əməkdaşlıq barədə razılığa gəlinib. Azərbaycanın MDB məkanında Ermənistan üzərində siyasi-hərbi üstünlük əldə etməsi mütləqdir və artıq buna nail olmuşuq. Həmçinin, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq da öz axarı ilə davam edir. Belarusla da yüksək səviyyədə hərbi əlaqələrimiz var”. 



Analitik bəyan edib ki, Rusiya KTMT-nin MDB çərçivəsində operativ təşkilata çevirməyə cəhd göstərir: 

“Müdafiə nazirlərinin görüşündə yəqin ki, Moskva bunu yenidən masaya gətirədi. Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı MDB çərçivəsində güclü bir təşkilat deyil. Əgər Rusiya Qarabağ münaqişəsinin həllinə maneçilik törədərsə, MDB və KTMT güclü təşkilata çevrilməyəcək. Hətta bu gedişlə MDB-nin parçalanması da mümkündür”.