“Münaqişənin həlli yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir”

“Torpaqlarımızı işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri evlərinə qaytararaq ölkənin 1990-cı illərə qədərki vəziyyətini bərpa etmək əsas məqsədlərdən biridir”

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilib. Sammitə qatılan Prezidenti İlham Əliyev çıxış edərək bir neçə məsələyə toxunub. Ölkə başçısının diqqət çəkdiyi məsələrdən biri də Ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinin həlli ilə bağlı olub. Prezident qeyd edib ki, dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik:

“Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir.

Ancaq Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamışdır və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Bu böyük humanitar fəlakət nəticəsində Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi. Yəni, təsəvvür edin nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun Bəyannaməsi də ədaləti əks etdirir və bildirməliyəm ki, Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bundan sonra üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək”.


Tanınmış politoloq Tofiq Abbasov da “Şərq”ə açıqlamasında qeyd edib ki, Ermənistan yenə də siyasi mərhələdə hazırlıqsızdır. Düşmən əlindən gələni edir ki, danışıqlar prosesi çöksün və status-kvo saxlansın. Amma bu, mümkün olan deyil. Çünki status-kvo mütləq şəkildə dəyişilməlidir:

"Əlbəttə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və torpaqlarımız işğaldan azad olunmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir. Qarabağın erməni icmasının bütün problemləri ancaq dövlətçiliyimizin çərçivəsində həllini tapa bilər. Düzdür, İrəvan buna mane olur və hər zaman problemlər yaradır. Amma bu perspektivi olmayan yanaşmadır. Gec-tez Azərbaycan məqsədinə nail olacaq. Ermənilər öz havadarlarının, xaricdə yaşayan ermənin diaspor sturukturlarının dəstəyinə ümid edirlər ki, guya torpaqlarımız özümüzə qayıtmasın. Amma onlar bir şeyə “nail olurlar”. Bu da özləri üçün problemin həllində uzun və ağrılı bir variantı seçirlər. Azərbaycanın öz planları var. Torpaqlarımızı işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri evlərinə qaytararaq ölkənin 1990-cı illərə qədərki vəziyyətini bərpa etmək əsas məqsədlərdən biridir”.

Politoloq söyləyib ki, hazırda Ermənistan daxilində bəzi qüvvələr Paşinyanı qısnayırlar:

“Qarabağ klanı” ona düşmənçilik edir. İndi həmin klan Ermənistanın özünü hədələyir. Amma bu Azərbaycanın məramına, gözləntilərinə heç bir təsir göstərmir.  Düzdür, biz bir qədər üzgünük, çünki proses uzanır. Lakin bu olanlar bizə çox da əziyyət vermir. Ermənistanda vəziyyət durmadan pisləşir, iqtisadi tənəzzül dərinləşir, insanlar ölkəni tərk etməyə davam edirlər. İstər-istəməz məsələnin həllinə yaxınlaşmalıyıq. Bu problemlərdən daha çox əziyyət çəkən Ermənistanın özüdür”.