Bu gün tanınmış özbək tarixçisi, publisisti və ictimai xadimi Şuhrat Salamovun (Şuhrat Barlas) Azərbaycanda çap edilən “Daşnaklar Fərqanədən Qarabağa qədər” adlı kitabının təqdimat mərasimi keçirilib. Sherg.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ilk öncə adı çəkilən kitabın əsasında çəkilən eyniadlı sənədli film nümayiş olunub.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidenti Umud Mirzəyev çıxış edib. O, qeyd edib ki, kitab Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü və 1937-ci ildə ailəsi Naxçıvandan Qazaxıstan və Özbəkistana sürgün edilmiş Mehdi Məmmədovun maliyyə dəstəyi ilə ərsəyə gəlib: “Kitabda 300-ə yaxın mənbədən istifadə edilib və burada Özbəkistandakı azərbaycanlı ziyalıların da rolu böyükdür. Qeyd edim ki, sənədli film kitab haqqında daha geniş təsəvvür yaradıb”.
“Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Şuhrat Salamova təşəkkür edərək, bu kitabın bütün Azərbaycan universitetlərinə paylanılmasını təklif edib:
“Düşünürəm ki, bu kitabı tirajlayıb, bütün universitetlərə verək. Ermənilərin türklərə qarşı törətdikləri bu hadisələri, faciələri bizim yetişən gəncliyimiz öyrənməlidir. Bu faciələr təkrarlanmasın deyə bu tarixi dərindən öyrənməliyik. Fərqanədə başlayan və Özbəkistanın müxtəlif yerlərində ermənilərin törətdiyi faciələr hamısı bizim faciədir. Burada təqdim edilən sənədli filmdə də hadisələr bir daha vizual olaraq canlandırılıb”.
Rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov kitabın erməni əməllərinin sübutu üçün önəmli vəsait olduğunu qeyd edib:
“Mən də özbək tarixçi Şuhrat Barlas kimi bir neçə dəfə ermənilər tərəfindən təzyiqlərə məruz qalmışam. Amma ondan fərqli olaraq, həbs olunmamışam. Aydın məsələdir ki, ermənilər saxtakar adamların əli ilə özlərinin Orta Asiyada müsəlmanlara qarşı törətdikləri cinayətləri ört-basdır etmək istəyirlər. Bu baxımdan özbək alim Şuhrat Barlasın bu işi çox önəmlidir”.
Sonda kitabın müəllifi Şuhrat Salamov tədbir iştirakçılarına təşəkkür edib: “Uzun müddət arzulayırdım ki, bu barədə kitab çap etdirim. Kitabın ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkür edirəm”.
Tədbirin yekununda çıxış edən “Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabının müəllifi Şuhrat Salamov keçirilən təqdimata görə təşkilatçılara və qonaqlara öz minnətdarlığını bildirib: “Uzun müddət arzulayırdım ki, ermənilərin müxtəlif regionlarda törətdikləri qırğınlar haqqında kitab çap etdirim. Kitabın ərsəyə gəlməsinə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.