Paşinyan “Qarabağ klanı”ndan qorxur: Ona görə tez-tez separatçıların ayağına gedir

“Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir. Hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Koçaryanı və Serj Sarkisyanı da üstələyir”. 

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, Koçaryan və Sarkisyan qarabağlı olsalar da, bu qədər sıxlıqla Dağlıq Qarabağa gəlmirdilər: 

“Paşinyan mütəmadi gəlişləri ilə Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə aldığını, onların arxasında olduğunu göstərməyə çalışır  Əslində isə “Qarabağ klanı”ndan çəkindiyinə görə, tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir. Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşüb. Bunun da məqsədi aydındır. Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün “namizədlərə” mesajlarını şəxsən çatdırır”. 



Elxan Şahinoğlu: "Çox güman ki, Rusiyanın xarici işlər naziri İrəvanda dediyini bir az korrektə etmək məcburiyyətində qalacaq ki, Azərbaycanla körpüləri tamamən yandırmasın"


E.Şahinoğlu Paşinyanın Dağlıq Qarabağa gəlişi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişinin üst-üstə düşməsinə diqqət çəkib: 

“Lavrov İrəvandakı açıqlamasında Dağlıq Qarabağın da maraqlarının nəzərə alınması vacibliyini bildirmiş və bununla İrəvanın və separatçıların istəyini səsləndirmişdi. Paşinyan Xankəndidə Lavrovun siyasətinə uyğun hərəkət etdiyini biruzə verir. O ki qaldı, Lavrovun Bakıdakı görüşlərinə və verəcəyi açıqlamalarına, çox güman ki, Rusiyanın xarici işlər naziri İrəvanda dediyini bir az korrektə etmək məcburiyyətində qalacaq ki, Azərbaycanla körpüləri tamamən yandırmasın. Digər tərəfdən Lavrov İrəvanda imzaladığının eynisini Bakıda imzalayacaq. Yəni Rusiya və Azərbaycan XİN-lərinin 2020-ci il üçün əməkdaşlıq konturları müəyyələşdiriləcək”.