Anjey Kasprşik başda olmaqla digər üzvlər istefa verməli və heyət yenilənməlidir
Yanvarın 16-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in növbəti monitorinqi keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Saymon Tiller və Martin Şuster təşkil edəcəklər.
“Son 28 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət addım atmayan təşkilat kimə və nəyə lazımdır?!”
ATƏT-in ümumi fəaliyyətinə və sərhəd xəttindəki növbəti monitorinqə münasibət bildirən politoloq Rusif Məmmədsoy qurumun tamamilə perspektivsiz olduğunu deyib. Analitikin sözlərinə görə, təşkilat öz missiyasını yerinə yetirmir:
“Hər şeydən öncə Anjey Kasprşik başda olmaqla digər üzvlər istefa verməli və heyət yenilənməlidir: “Bildiyiniz kimi bu il ATƏT-ə sədrlik Slovakiyadan Albaniyaya keçdi. Ancaq bu, heç nəyi dəyişmir. Minsk Qrupuna üzv dövlətlər arasından Fransa çıxmalı, əvəzinə mütləq şəkildə Türkiyə gətirilməlidir. Yaxud da bu qurum ümumiyyətlə ləğv edilməlidir. Son 28 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət addım atmayan təşkilat nəyə və ya kimə lazımdır? Burada qazanan sadəcə Anjey Kasprşikdir. Azərbaycanın yeni müstəqillik əldə etdiyi dövrlərə nəzər salsaq, hansı çətinliklərlə bu kimi qurumlara üzv olmağımız aydın olur. Bu mənada həmin təşkilatdan çıxmağımız bizim üçün mənfidir. Amma mütləq şəkildə qarşıya müəyyən şərtlər qoyulmalıdır. ATƏT Azərbaycan və digər üzv ölkələrin ayırdığı maliyyə hesabına öz büdcəsini formalaşdırır. Əgər biz büdcəyə maliyyə ayırırıqsa, üzərimizə düşən öhdəlikləri yerinə yetiririksə, o zaman həmsədrlik institutu da Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdır”.