APRELdən sonra "İYUL ZƏFƏRİ"...

“Biz ordumuza inanırıq!"

"Ordumuzun arsenalında olan texnika və artilleriyalarla İrəvana qədər gedə bilərik” 


Bazar günü günorta saatlarında Azərbaycan və Ermənistanın Tovuz istiqamətindəki sərhədində başlayan atışma nəticəsində ölən və yaralananlar var. Aralarında general-mayor və polkovnik  olmaqla Azərbaycan  ordusu 12 hərbçisini itirib. Şəhidlərimizə görə təəssüf hissi keçirən siyasi şərhçi Ehtiram Mehdiyev hesab edir ki, itkilərimizin böyüklüyünə rəğmən dövlət sərhəddinin Tovuz istiqamətində gedən döyüşlər bizi əsla qorxutmur:

 "Azərbaycanın güclü ordusu var və biz ordumuzun arsenalında olan texnika və artilleriyalarla İrəvana qədər gedə bilərik. 
Ermənistan hakimiyyəti yaxşı bilir ki, cəbhənin istənilən mövqeyində törətdikləri təxribat onlar üçün ağır itkilərlə nəticələnib. Ümumiyyətlə, baş verən gərginlik gözlənilən idi.



Son aylar Ermənistan daxilində çox ciddi proseslər gedirdi. Ermənistan siyasi, iqtisadi, sosial cəhətdən böhranla üz-üzə qalıb. Paşinyan son zamanlar daha çox aqressiv görünürdü.

Üstəgəl, Prezident İlham Əliyevin dəfələrlə beynəlxalq arenada Paşinyanı real tarixi faktlarla susdurması Ermənistan ictimaiyyəti tərəfindən də yaxşı qarşılanmamışdı. Paşinyanın ölkədə öz siyasi nüfuzunu qorumaq üçün belə həmlələrə əl atması gözlənilən idi".

Torpaqlarımızın iyirmi faizinin ermənilər tərəfindən  işğal olunduğunu vurğulayan siyasi şərhçinin sözlərinə görə, Azərbaycan vaxt itirmədən  öz torpaqlarını işğaldan azad etməlidir: 

"Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad etməkdən başqa yolu yoxdur. Münaqişə ətrafında hərbi-siyasi diplomatik mübarizə davam etməlidir. Hərbi əməliyyatların Qarabağ istiqamətində davam etməsi mümkündür. 

Ümid edirəm ki, Tovuz ətrafında baş verən gərginlik şanlı ordumuzun aprel zəfərindən sonra "İyul zəfəri" kimi tarixə düşəcək. Biz ordumuza inanırıq!"