İDDİA: Təxribatlar gözlənilir

Ermənistan Azərbaycanı müharibəyə təhrik edir


Ermənistan baş naziri gözlənilmədən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionuna səfər edib.  Paşinyanı Xocalı aeroportunda separatçı rejimin başçısı Araik Arutyunyan və Ermənistan Müdafiə naziri David Tonoyan qarşılayıb. Nikol Paşinyan işğal altındakı torpaqlara Mi-171 helikopteri ilə səfər edib.  Qondarma  rejimin "Müdafiə Ordusu"nun Qərargahında keçirilən  müşavirədə Ermənistanın separatçılarla  "hərbi əməkdaşlığının" dərinləşməsi planları müzakirə  olunub.
N.Paşinyan Qarabağa səfərində əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb.  Yerli politoloqların fikrincə, bütün bunlar Ermənistan hakimiyyətinin Azərbaycana qarşı yeni hücum planları qurduğunun göstəricisidir. Görünür, düşmən ölkə hərbi əməliyyatların yenidən bərpasına, növbəti təxribat fəaliyyətnə başlamaq niyyətindədir. 



Paşinyanın Xankəndinə səfərini şərh edən politoloq İlyas Hüseynovun "Şərq"ə açıqlamasına görə,   Rusiyanın Ermənistana verdiyi silahların  bölüşdürülməsi bu müşavirədə  əsas müzakirə predmetlərindən biri olub:

"Bu səfərdən sonra  Ermənistanın Azərbaycanla sərhəd rayonlarında və ya cəbhə xəttində təxribat  cəhdləri istisna deyil. Xatırlayırsınızsa, "iyul döyüşləri"ndən əvvəl də Ermənistan Prezidenti Armen Sarkisyan və  Müdafiə naziri David Tonoyanın Dağlıq Qarabağa səfəri  olmuşdu. Təsadüfi deyil ki, baş nazirin Qarabağ səfərindən öncə D.Tonoyan işğalçı qüvvələrin yüksək rütbəli  komandirləri ilə birlikdə  Azərbaycanın işğal altındakı döyüş mövqelərinə baş çəkiblər . Düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin Qarabağa  səfərlərinin intensiv xarakter alması  Azərbaycanı  müharibəyə təhrik məqsədi güdür". 



Millət vəkili  Sədaqət Vəliyeva isə  "Şərq"ə açıqlamasında regionda siyasi və hərbi eskalasiya məsuliyyətinin Ermənistanın üzərində olduğunu deyib. İşğalçılıq niyyətinə uyğun olaraq Ermənistanın təxribatlarının sayını artırdığını vurğulayan millət vəkilinin sözlərinə görə, Tovuz istiqamətindəki  hərbi təxribatın ardınca  Goranboy istiqamətində erməni diversiya qrupunun hücum cəhdi, Paşinyanın Qarabağa getməsi böyük bir təxribat planının tərkib hissəsidir:

"Azərbaycan ictimaiyyətini qıcıqlandırmaq məqsədilə işğalçı ordunun nümayəndələrini təltif etməsi də həmin plana aiddir. Ermənistanın məqsədi Azərbaycanı müharibəyə təhrik etməkdir. Fikrimcə, məhz bu davranışlarına görə,  Ermənistan regionda təhdid ocağı kimi bütün dünyada ifşa olunmalıdır.

Paşinyan ailəsinin hakimiyyətinin silah, narkotik, qiymətli daşlar alverində vasitəçilik etməsi, Yaxın Şərq regionunda terrorçulara silah ötürülməsində Ermənistanın tranzit ölkəyə çevrilməsi, Qarabağın narkotacirlərin keçidi kimi “boz zona”ya və narkotiklərin yetişdirilməsi üçün plantasiyaya dönüşdürülməsi beynəlxalq səviyyədə araşdırma tələb edən cinayətlərdir.

Xüsusilə də, son vaxtlar Yaxın Şərqdən, Livandan ermənilərin Qarabağa köçürülməsi məsələsi diqqətdə saxlanılmalıdır. Ədalət, demokratiya, sülh, əməkdaşlıq axtarışında olan beynəlxalq təşkilatlar bu qanunsuzluqlara reaksiya verməlidir. 

Kim zəmanət verə bilər ki, Livandan köçürülənlər Paşinyanın könüllü hərbi birləşmələrində xidmət etməyəcək? Kim deyə bilər ki, sabah həmin livanlılar Azərbaycan ordusuna atəş açmayacaq?

Suallar çoxdur və beynəlxalq təşkilatların da ilk vəzifəsi Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdid olan Ermənistanla məşğul  olmalıdır. Yalançı hesabatlarla Ermənistanı tərifləmək əvəzinə bu ölkənin cinayətlərini ifşa etməklə məşğul olmalıdırlar.

Azərbaycana “demokratiya”, “insan hüquqları” adı altında təzyiq etmək əvəzinə 1 milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti ilə maraqlanmalıdırlar.

Sual etməlidirlər ki, nə üçün Ermənistan 30 ildir azərbaycanlıları soyqırımına, işğala məruz qoyur, insanların doğma yurduna olan təbii hüququnu pozur?”.