“Ermənistanın ağır vəziyyətlə üzləşməsi mümkündür"
"Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmaması onlar üçün böyük təhlükədir”
II Qarabağ savaşı nəticəsində Azərbaycan əzəli Qarabağ torpaqlarını işğaldan azad edə bildi. Hazırda həmin ərazilərdə tikinti, quruculuq işləri davam etdirilir. İnfrastruktur və kommunikasiya layihərinin həyata keçirilməsi planlaşdırılır. Zəngəzur dəhlizinin açılması prioritet məsələ olaraq qalır. Prezident İlham Əliyev bu gün Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı Zəngəzur məsələsindən söz açıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında mütləq şəkildə biz beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq:
“Ermənistanın Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə, XX əsrin əvvəllərində, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verilməsi, bu da tarixi faktdır”.
Dövlət başçısı bəyan edib ki, ondan iki il əvvəl Azərbaycan Xalq Cumhuriyyətinin İrəvanı Ermənistana bağışlanması da sənədlərlə təsdiq olunan faktdır:
“1921-ci ildə növbəti təxribat bizə Sovet hakimiyyəti tərəfindən hazırlanırdı. Şuşanı ermənilər erməniləşdirə bilmədilər”.
Mövzunu BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli "Sherg.az"a dəyərləndirib.
Onun sözlərinə görə, son zamanlar Ermənistanın sülh sazişi ilə bağlı davranışı Azərbaycanın ciddi şəkildə fikrini ortaya qoymağa məcbur edir:
"1918-1920-ci illərdə ADR dövründə Zəngəzur bütövlükdə Azərbaycanın tərkibində idi. Sovet bolşevik sisteminin işğalı dönəmində həmin ərazilər nəzarətimizdə idi. Sonra tədricən Ermənistanda sovet hakimiyyəti qurulurdu. 1921-ci ilin sentyabrında Bakı Sovetinin qərarı ilə Zəngəzur torpaqları qeyri-qanuni şəkildə rəsmi İrəvana hədiyyə verildi. Həmin dövrdə parlament səviyyəsində heç bir dövlət qurumunun qərarı yoxu idi. Sadəcə Xalq Komissarları Sovetində qərar səslənmişdi".
S.Məmmədlinin fikrincə, Azərbaycanın rəhbərliyində millliyətcə ermənilər yüksək vəzifə tuturdu və proseslərə yön verirdilər:
"Qazaxın, Gədəbəyin və Azərbaycan topraqlarının bir hissəsi Ermənistana verilmişdi. Bunlar partiya təşkilatının qərarı ilə reallaşmışdı. Partiyanın səlahiyyəti olmasa belə, torpaqlar verilirdi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti o vaxtdan bəri geniş vüsət almışdı. 2020-ci ildə Azərbaycan Ordusu torpaqlarımızı azadlığına qovuşdurdu. Lakin Ermənistan sülh müqaviləsi üçün tutarlı addım atmayıb. Ölkəmiz bir sıra şərtlər irəli sürüb. Tərəflər ərazi bütövlüyün tanımalıdır. Lakin Ermənistan konkret razılığa gəlmir. Paşinyan- Putin görüşündə tamamilə absurd sənəd imzalanıb. Sənəddə Azərbaycanın ərazi bütövlüyünə qəsd ifadələri əksini tapıb. Guya, Qarabağdakı ermənilərin təhlükəsizlik məsələləri təmin olunmalıdır. Sərhədlərin müəyyənləşməsində Rusiya iştirak etməlidir, səbəbi də bilinmir. İddialara görə, xəritələr yalnız Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının arxivində var. Onların əsasında sərhədlər aydınlaşmalıdır. Həm Rusiya, həm də Ermənistanın davranışı prosesi uzatmaq istədiklərindən xəbər verir".
Professorun qənaətincə, N.Paşinyanın dili ilə desək, xarici nümayəndələr Ermənistana işarə göstərirlər:
"Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmaması onlar üçün böyük təhlükədir. Həm Türkiyə, həm Azərbaycan sinxron formada çalışırlar. Onda Türkiyə ilə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq, iddia irəli sürəcəklər. Prezidentimiz xüsusilə vurğulayıb ki, bu Ermənistanın özü üçün təhlükədir. Ermənilər ağıllarını başına yığmalıdır.
Sülh müqaviləsi bağlamalı, ərazi bütövlüyünü tanımalıdırlar. Şərtlər də uzun müddət masa üzərində qalmayacaq. Real hərəkətə keçə bilərik, Ermənistanın ağır vəziyyətlə üzləşməsi mümkündür.".