“Qarabağdakı silahlıların təmizlənməsi mütləqdir”


“Prosesin qısa müddətdə həyata keçiriləcəyini ehtimal edirəm"

44 günlük Vətən müharibəsinin Azərbaycanın Zəfəri ilə yekunlaşmasına baxmayaraq, ermənilər hələ də təxribata cəhd göstərirlər. İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Bölmələrimiz adekvat cavab tədbirləri görüb.

 Rəsmi İrəvan bir yandan Azərbaycanla qarşılıqlı danışıqlar aparır. Digər tərəfdən də Ermənistandakı revanşist qüvvələr ordunun içindəki "əl"ləri ilə provokasiyalar törədirlər. Bir sözlə, Ermənistan “gah nala vurur, gah mıxa...”

Hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a bildirib ki, Ermənistan birgə bəyanata əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ona görə proses Azərbaycanın da öz üzərinə düşən öhdəliklərdən imzasını geri çəkməsi ilə nəticələnə bilər: 
"Bu isə vəziyyətin 9 noyabr 2020-ci il tarixinə qayıtması deməkdir. Nəticələrinin Ermənistan üçün nə dərəcədə ağrılı - acılı olacağı şübhə doğurmur. İstənilən halda Qarabağda mövcud olan hər bir silahlı şəxs Azərbaycan Ordusu üçün hədəfdir. Onların təmizlənməsi mütləqdir. Prosesin qısa müddətdə həyata keçiriləcəyini ehtimal edirəm".