Şuşada  “Xarıbülbül” düşərgəsi...

Şəhid və qazi övladları üçün bu düşərgənin böyük mənəvi əhəmiyyəti var 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Azərbaycan gəncliyinin vətənpərvər ruhda formalaşmasında, gənclərdə Vətənə sevgi, torpağa bağlılıq, düşmənə qarşı isə əzmkar olmasında Qarabağ müharibəsinin əhəmiyyəti danılmazdır. Torpağımıza göz dikən nankor qonşularımızın ötən əsrin sonlarında başlatdığı işğal faktoru nəticəsində yurd-yuvasından didərgin düşən ailələrin övladları 30 ilə yaxın müddətdə bir gün mütləq doğma yurda qayıdacaqları inamı ilə böyüdüldü. Bu hissi, inamı onlara həm valideynləri, doğmaları aşıladı, həm məktəb, daha sonra ali təhsil müəssisəsi, çalışdıqları iş yerlərindəki ab-hava, həm də ümumilikdə Qarabağ torpaqlarının heç bir vaxt kimsəyə güzəştə gedilməyəcəyi üzərində aparılan dövlət siyasəti təlqin etdi. 

Ulu öndər Heydər Əliyevin “biz Qarabağsız yaşaya bilmərik…” nidasının yer aldığı məlum çıxışı bütün azərbaycanlıların dilinin əzbəridir. O cümlədən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan işğal altındakı torpaqlarının hər bir qarışını geri qaytaracaq” sözləri xalqda, həmçinin gənclərdə o günün gələcəyinə, Böyük Qələbənin mütləq baş verəcəyinə sarsılmaz inam yaradırdı. Azərbaycan gəncləri bu ruhda formalaşdı və 44 günlük Vətən müharibəsinin əsas zərbə qüvvəsi də məhz gənclər oldu. Vətən uğrunda şəhid, qazi olanlar bu gün də gənclərin qürur mənbəyidir və hazırkı gənclik onları özünə örnək, nümunə bilir. 

Son zamanlarda müxtəlif təşkilatlar tərəfindən təşkil edilən tədbirlər, anım mərasimləri, eləcə də yay düşərgələrinin əsas qayəsi də gəncliyə qəhrəman Vətən oğullarını bir daha tanıtmaq, onların keçdiyi zəfər yolu, yazdıqları igidlik dastanı ilə tanış etməkdir. Belə tədbirlərdən biri hazırda Azərbaycanın göz bəbəyi və qürur mənbəyi Şuşada keçirilir. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün təşkil olunmuş “Xarıbülbül” düşərgəsinin Şuşada rəsmi açılış mərasimi baş tutub. Açılışda iştirak edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədr müavini Tural Novruzov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Şəhid və qazi övladları düşərgənin “Şuşa İli” çərçivəsində məhz Şuşada təşkil edilməsinin çox əlamətdar olduğunu, eyni zamanda, Şuşanın azadlığı uğrunda şəhid olmuş qəhrəman hərbiçilərimizin övladları bu düşərgənin onlar üçün böyük mənəvi dəyəri olduğunu və iştirakdan qürur duyduqlarını bildiriblər. Məktəblilər düşərgə boyunca Şuşa ilə yaxından tanış olur, onun tarixi, məruz qaldığı vandalizm və işğaldan sonrakı sürətli inkişafı haqqında məlumatlar əldə edirlər. İştirakçılar, həmçinin Zəfəri bizə yaşadanlarla görüş, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və intellektual oyunlar, bədən dili, səmərəli təqdimetmə, emosional zəka, motivasiya və s. mövzularda keçirilən təlimlərdə iştirak edirlər.

"Qarabağ Qaziləri" İctimai Birliyinin sədri, Qarabağ müharibəsi döyüşçüsü Asəf Əliyev “Şərq”ə açıqlamasında bildirdi ki, bu səpkili tədbirlər gənclərin milli-mənlik şüurunun inkişafında, gənclərin milli və vətənpərvər ruhda formalaşmasında böyük əhəmiyyət daşıyır: 

- Xatırlayıram ki, təxminən eyni səpkili, eyni ruhlu “Xarıbülbül” düşərgəsi ötən il Şamaxıda da təşkil olunmuşdu. Həmin düşərgə də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə məhz şəhid və qazi övladları üçün keçirilirdi. Belə düşərgələr Vətən şəhidlərinə, qazilərə, şəhid ailələrinə ehtiramla yadda qalır. Əsas vurğu şəhid və qazilərin xatirəsinin yad edilməsi, şəhid, qazi ailələrinin ziyarəti ilə yadda qalır. Bu da gənclərin milli ruhda formalaşmasına böyük təsir göstərir. Söhbət təkcə iştirakçılardan getmir. Düşərgə iştirakçıları zatən şəhid, qazi övladlarıdır. Qəhrəmanlıq dastanının içində böyüyən, qürurla dolu övladlardır. Düşərgənin əhəmiyyəti budur ki, şəhid və qazi övladları valieynlərinə dövlət qayğısının, xalq sevgisinin və ehtiramının şahidi olurlar. Şahid olurlar ki, ataları nahaq yerə döyüşməyib, Vətəni qoruyub, qəhrəmanlıq, şəhidlik zirvəsinə ucalıb, indi də onların ailələrinə, övladlarına xalq da ehtiram göstərir, dövlət də qayğısını əsirgəmir. Digər tərəfdən bu cür tədbirlər başqa gənclərə də müsbət təsir edir. Gənclərin vətənpərvər ruhda inkişafında mühüm rol oynayır. Bir gənc həmyaşıdı olmuş gəncin qəhrəmancasına həlak olduğunu, yaxud canını Vətənə fəda edərək qazi olduğunu gördükdə sözsüz ki, o gənclərdə də Vətənə məhəbbət, torpağa sevgi hissləri daha da güclənir. Düşərgə günləri boyunca müzəffər Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizdə milli birliyimizdən, gənclərin bu qələbədə ön və arxa cəbhədə göstərdiyi şücaətdən söz açılır, şəhidlərin, qazilərin qəhrəmanlığı, keçdikləri döyüş yolundan danışılır. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladları hər birimizə əmanətdir. Şəhid ailələrinə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir, şəhid və qazi övladlarının təhsilinin inkişafı üçün mümkün imkanlar səfərbər edilir. Keçirilən düşərgələrin bir məqsədi də şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli təşkili, özünə inam, həmrəylik və optimizm hisslərinin gücləndirilməsi, həmin gənclər arasında dostluq əlaqələrinin qurulmasının təmin edilməsi, müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdır. Düşərgə müddətində gənclər Vətən müharibəsi iştirakçıları ilə görüşür, Qarabağ bölgəsinə aid mədəniyyət abidələri ilə tanış olur, Zəfər tarixini, bir növ təkrarlayırlar. Əlbəttə, bütün bunlar gənclərin milli-vətənpərvərlik hisslərinin daha da inkişafına müsbət təsir edir.