Ağalı kəndinin sakinləri yurdlarına dönür


Əhalinin ehtiyaclarının detallarınadək nəzərə alınması köçürülmə prosesini asanlaşdırır

"Əsas məsələlərdən biri də doğma yurduna qayıdan əhalinin işsizlik probleminin həll olunması, gəlirlərinin təmin edilməsidir, bu da var. Kənddə tikiş fabriki tikilib, əkin sahələri yaradılıb, əhali təsərrüfatla, əkinçiliklə məşğul olacaq"
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

  “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir. Dünən Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 63 nəfər - 12 ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb.

 Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcəkdir. Xatırladaq ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilanın Ağalı kəndinə məcburi köçkünlərin ilk qrupunun köçürülməsinə iyul ayında başlandı. Bildirildi ki, proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailə, sonrakı mərhələlərdə də ailələr hissə-hissə köçürüləcək. Köçürülənlər arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq. Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri üzrə həyata keçirilib. 

Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda "Dost Aqropark" fəaliyyət göstərəcək. Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq. Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. 

Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb inşa edilib. Ağalıya köçürülən ailələr tibbi müayinələrdən də keçirilir. Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb. Bununla yanaşı, kənddə yeni intensiv bağlar salınmasına, bağçılığın sürətli inkişafı üçün layihələrin həyata keçirilməsinə başlanıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur. 

Ağalı kəndinin sakinlərinin 30 ildən sonra doğma yurdlarına qayıtmasının izahedilməz sevinc və qürur hissi yaşatdığını deyən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova “Şərq”ə açıqlamasında qeyd etdi ki, “Böyük Qayıdış”a şahidlik etdiyi üçün özünü xoşbəxt sayır: 

- Bilirsiniz ki, mən Xankəndi Pedaqoji İnstitutunu bitirmişəm və 10 il bu şəhərdə müəllim işləmişəm. Ermənilərin riyakarlığını, nankorluğunu, Azərbaycana, azərbaycanlılara qarşı nifrətlərini də, siyasi avantüralarını da görmüşəm. Lakin bunu deməyi özümə borc bilirəm ki, ulu öndər Heydər Əliyev nə qədər ki, Azərbaycanın siyasi rəhbərliyində idi, ermənilər Qarabağa iddialarını açıq səsləndirməyə çəkinirdilər. Onlar yalnız SSRİ-də siyasi təlatümlər, idarəetmədə dəyişikliklər və Azərbaycanda da siyasi rəhbərlik dəyişəndən sonra cürətlənib Qarabağa iddia etməyə, özünküləşdirməyə başladılar. Sonrakı hadisələr, işğal faktoru hamıya məlumdur. Lakin Azərbaycan xalqı Vətən torpağının müqəddəsliyini dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz, cəsur oğullarımız, qəhrəman əsgərlərimiz işğal altındakı torpaqlarımızı azad etdilər. “Böyük Qayıdış” layihəsi də belə yarandı. Təbii ki, bütün məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtmaq həsrətiylə yaşayırdı. Lakin onların doğma yurdlarına qayıtması üçün şərait yaradılması da şərt idi. Cənab Prezident İlham Əliyev “Böyük Qayıdış” proqramını təsdiq etdi, “Ağıllı kənd” , “Ağıllı şəhər” layihələri də belə yarandı. Müasir dünyanın tələbləri ilə ayaqlaşmalıyıq. İndi 20-ci əsrin nə əvvəlləri, nə də sonlarıdır. Artıq 21-əsrin 2-ci onilliyindəyik. Odur ki, yeni yaşayış məskənləri, kəndlər, şəhərlər müasir dünya çağırışlarına uyğun olmalıdır. Zəngilanın Ağalı kəndinin sakinlərinin köçürülməsi davam edir. Biz görürük ki, dövlət tərəfindən orada necə müasir evlər tikilib, qəsəbələr salınıb. Hər şey nəzərə alınıb: internet imkanlarından tutmuş, dövlət orqanları ilə vətəndaşların əlaqəsinədək. Ağalı sakinlərinin hər hansı sənəd üçün, hər hansı məsələ ilə bağlı rayon mərkəzinə, yaxud, əvvəllər olduğu kimi paytaxta üz tutmasına ehtiyac qalmayacaq. Orda “Dost” Mərkəzi də fəaliyyət göstərəcək, “ASAN Xidmət” də.

 Əsas məsələlərdən biri də doğma yurduna qayıdan əhalinin işsizlik probleminin həll olunması, gəlirlərinin təmin edilməsidir, bu da var. Kənddə tikiş fabriki tikilib, əkin sahələri yaradılıb, əhali təsərrüfatla, əkinçiliklə məşğul olacaq. Əhalinin ehtiyaclarının detallarınadək nəzərə alınması köçürülmə prosesini asanlaşdırır. Mən əminəm ki, işğaldan azad edilmiş digər ərazilərimizə əziz insanlarımızın qayıdışı da uğurla həyata keçiriləcək, Qarabağımız yenə gül-çiçəyə bürünəcək, doğma insanların nəfəsi ilə isinəcək. 

  Qeyd edək ki, Ağalı kəndinə qayıdanlar öz sevinclərini bölüşüb, doğma yurda qayıtdıqları üçün çox sevincli olduqlarını, bu sevinci onlara yaşatdığına görə Ali Baş Komandan cənab İlham Əliyevə, şəhid analarına, şəhid atalarına, Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə ediblər.