Deputat:”Füzulinin azad edilməsi ilə düşmənin müdafiə xətti dağıdılıb”

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.

Milli Məclisin deputatı,  professor Kamilə Əliyevanın da “Şərq”ə  açıqlamasında dediyi kimi Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib: “Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib
Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub”.  

Füzuli haqqında geniş məlumata sahib olan millət vəkili raonun işğal tarixi və itkilərlə bağlı da kiçik bir xatırlatma edib: “Azərbaycanın ən böyük yaşayış məskənlərindən biri olan Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Işğala qədər Füzuli  rayonu ərazisində qədim tarixi,   mədəni abidələr, türbələr mövcud olub.  Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, XIII - XIV əsrlərdə bu yurdun yerli sakinləri tərəfindən tikilən qədim abidələr dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.
Ermənistanın işğalçı ordusu ilə mərdliklə vuruşan füzulililər 63 nəfər şəhid verib, 400 nəfər əlil olub, 181 nəfər əsir və itkin düşüb. 
Onu da deyim ki, 1386 kvadrat kilometr ərazisi, 144 min əhalisi olan Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddirş Füzulinin əsası 1827-ci ildə qoyulmuş və Qarabulaq adlandırılıb. 1930-cu ildə rayon təşkil olunmuş və Qaryağin, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılıb.  5 yanvar 1994-cü ildə Prezident, Ali Baş Komandan olmuş ulu öndər Heydər Əliyevin əmrinə əsasən Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad edib”.

Füzuli uğrunda aparılan döyüşlərin Vətən Müharibəsində ən ağır, çətin döyüşlərdən biri olduğunu vurğulayan K. Əliyeva bildirib ki, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə əks hücum əməliyyatına başlayıb: 

“ Vətən müharibəsinin elə ilk günü qəhrəman əsgər və zabitlərimiz bir neçə kəndimizi işğaldan azad edib. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri Füzuli şəhəri də daxil olmaqla rayonun 62 kəndini işğaldan tam azad edib.  Füzulinin işğaldan  azad edilməsi ilə düşmənin müdafiə xətti demək olar ki, tamamilə dağıdılıb. 30 il Ermənistan ordusu burada 5- 6 xətdən ibarət  güclü istehkam qurmuşdular. Hərbi ekspertlər bu müdafiə xəttlərini yarmaq üçün istənilən orduya bir neçə ay vaxt lazım ola biləcəyini vurğulayırdılar. Azərbaycanın igid oğulları bütün dünyanı heyrətə sala biləcək böyük qəhrəmanlıq nümayiş etdirərək qısa müddətdə bu müdafiə xəttlərini tamamilə dağıtdılar.  Ermənistan silahlı qüvvələrinin törətdiyi  hərbi təxribat nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün beynəlxalq ekspertlərin də iştirakı ilə hesablamalar aparılcaq və ermənilər tərəfindən bu ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə vəsadət qaldırılacaq”. 
Millət vəkilinin sözlərinə görə, təsdiqlənmiş Baş Plana uyğun olaraq Füzuli rayonu yenidən qurulur. Vətən Müharibəsi başa çatdıqdan sonra Prezident,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 9 dəfə Füzuli rayonuna səfər edib: “Ölkə başçımız Füzulidə bir çox sosial obyektlərin, yaşayış  evlərinin, eləcə də Füzuli  - Şuşa avtomobil yolunun  - Zəfər yolunun təməlqoyma mərasimlərində iştirak edib. Bu gün Füzulidə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə tikilmiş, təməlqoyma və açılış mərasimlərində ölkə başçımızın şəxsən özünün iştirak etdiyi  Beynəlxalq Hava Limanı fəaliyyətə başlamışdır.  Yaxın vaxtlarda Füzuli əvvəlki görkəmindən  qat-qat gözəl və müasir bir şəhərə çevriləcək”.
Şəymən