Cəbrayıla ceyranları qaytarırlar qaytarsınlar...

Seymur Verdizadə: "Amma ilk növbədə insanlar ora qayıtmalıdır"

"Yaşlı insanlar var, onlar Cəbrayılı, doğma ata-baba yurdunu, ocaq yerlərini görmək ümidiylə yaşayırlar, intizar içindədirlər"

  Ceyran fərdlərinin Cəbrayıl və Zəngilan rayonları ərazisinə, əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün hazırlıq işlərinə başlanılıb. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev məlumat verib. O qeyd edib ki, hazırkı dövrədək ümumilikdə 293 baş ceyran ölkənin təbii areallarına reintroduksiya edilib: "Aparılan son sayğı monitorinqlərinin nəticələrinə görə, Azərbaycanda 7000-dən artıq ceyran fərdinin yayılması qeydə alınıb".

Xidmət rəsmisi əlavə edib ki, həssas ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri davam etdirilir: "İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələrin icrası planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin -ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub. Artıq balıq növlərinin populyasiyasının bərpası üçün işlər görülüb. Son iki ildə işğaldan azad edilmiş ərazilərdəki Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə qızılxallı forel balığının buraxılışı təşkil olunub və bu işlər növbəti dövrlərdə də həyata keçiriləcək. İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "WWF"-nin Azərbaycan nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində artıq ölkəmizə reintroduksiya olunan bizonların ümumi sayı 31 başa çatdırılıb".

  Bu yerdə dahi Səməd Vurğunun “Muğan” poemasını necə yada salmayasan; 
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?.. 

  Amma bir məsələ var ki, Səməd Vurğun ceyranla Muğan çölündə qarşılaşmışdı. “Sükuta qərq olmuş ürəyiylə” Muğan çölündən keçərkən görmüşdü “yanında balası yağış gölündən əyilib su içir bir ana ceyran”. Cəbrayıl, Zəngilan Muğan çölünə aiddirmi? Cəbrayıl, Zəngilan ceyranların oylağı olubmu, işğal faktına qədər?  Azərbaycanımızın coğrafiyasına nəzər salanda görünür ki, Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. 

Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basıb. Yalnız 1916-cı ildə bu yuyulmanın qarşısı alınıb, Araz öz yatağına qaytarılıb. Düzənlikdəki bir çox göl və bataqlıq da (Ağçala, Mahmudçala və digərləri) həmin daşqın zamanı əmələ gəlib. Muğan düzünün çox hissəsi dəniz səviyyəsindən aşağı olub, Kür çayı, xüsusən də Araz çayının gətirdiyi çöküntülərdən əmələ gəlib. Kür-Araz ovalığı, o cümlədən Muğan düzü Azərbaycanın ən qədim əkinçilik bölgəsi hesab edilir. Ceyranlarla bağlı isə məlumatımız yoxdur.  

  Əslən Cəbrayıl rayonundan olan peşəkar jurnalist, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə  “Şərq”ə açıqlamasında qeyd etdi ki, Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir, cənubdan Araz çayı boyunca İranla həmsərhəddir, ərazisi əsasən dağlıq zonadır. Araz çayının kənarı isə vaxtilə Tuqay meşələri ilə sıx olub: 

- Mən Cəbrayılın Araz boyu kəndində doğulmuşam. Bizim kəndin florası, faunası o qədər də zəngin sayılmaz. Yurdumuz işğal olunanadək mən bir tərəflərdə ceyran görməmişəm. Amma mənim ceyran görməməyim o demək deyil ki, Cəbrayıl ərazisində ceyranlar olmayıb. 

Bəlkə də Cəbrayılın dağlıq, dağətəyi ərazilərində olub. Görməmişəm deyə, konkret bir söz deyə bilmərəm. Bizim ən böyük istəyimiz, arzumuz budur ki, özümüz doğma yurda qayıdaq. Yaşlı insanlar var, onlar Cəbrayılı, doğma ata-baba yurdunu, ocaq yerlərini görmək ümidiylə yaşayırlar, intizar içindədirlər. İlk növbədə insanlar ora qayıtmalıdır. 

Əlbəttə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri gedir. Hər bir nazirlik də çalışır öz fəaliyyət istiqamətinə uyğun işlər görsün. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də əsas vəzifəsi ekologiyanı bərpa etmək, ekomüxtəlifliyi canlandırmaqdır. 

Hesab edirəm ki, Cəbrayılda meşə zolaqları salınmalı, meşələr, yaşıllıqlar bərpa edilməlidir. Ermənilərin törətdiyi ekoloji fəlakətin izləri aradan qaldırılmalıdır.

 Mən Cəbrayıla əvvəlki həyatının qaytarılmasını istəyirəm. Bu da ilk növbədə insanların qayıdışı ilə bağlıdır. Çünki insan olmayan yer xarabazara çevrilir. Əvvəlcə insanlar qayıtmalıdır ki, təbiətdə də bərpa prosesi başlasın. İnsan təbiətlə həmahəngdir. 

Ceyranları qaytarırlar, qaytarsınlar, ümid edirəm ceyranların ayağı düşərli olar, insanlar da qayıdar. Lakin məni narahat edən budur ki, ceyranlar nəylə qidalanacaq, necə qorunacaq? Hesab edirəm ki, ceyranları qaytarmazdan əvvəl orada qoruq yaradılmalıdır, ərazilər minalardan tamamilə təmizlənməlidir, ceyranların daldalanacağı yerlər olmalıdır. 

Qarşıdan yağışlı havalar, sonra da qış gəlir. Bu füsunkar heyvanların sıxınacağı yer, qidası olmalıdır. Elə şərait bir yaradılmalı və güclü nəzarət tətbiq edilməlidir ki, yol-körpü, qəsəbə tikintilərində çalışanlar ceyranları ovlamasın.