Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir.
Özünü etibarlı və mühüm neft-qaz tədarükçüsü kimi təsdiq etmiş Azərbaycan, beynəlxalq dekarbonizasiya səylərinə töhfə verməklə "yaşıl" enerjini də fəal şəkildə inkişaf etdirir. Bu gün bütün ölkə ərazisində xarici kapitalın iştirakı ilə alternativ enerji ilə bağlı mühüm layihələr həyata keçirilir. Bunun bariz nümunəsi kimi "Masdar" şirkətinin həyata keçirdiyi 230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyasının və "ACWA Pover" şirkəti tərəfindən tikilən Xızı-Abşeron külək elektrik stansiyası layihəsini göstərmək olar. Bundan əlavə, bp-nin yaxın vaxtlarda azad edilmiş Cəbrayılda "Şəfəq" günəş elektrik stansiyası tikəcəyi gözlənilir.
Bu günə kimi işğaldan azad edilmiş bütün ərazilərdə elektrik enerjisi təchizatı bərpa olunub. İlkin təhlilə görə, burada bərpa olunan enerji potensialı on min meqavat təşkil edir. Prezident İlham Əliyevin "Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamı işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni nəzərdə tutur.
Qarabağda enerji sektorunda həyata keçirilən layihələr işğaldan azad edilmiş ərazilərin vacib enerji qovşağına çevrilməsi istiqamətində mühüm investisiyalardır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu ərazilərə səfəri zamanı Cəbrayıl və Qubadlıda vacib enerji obyektlərinin açılışını xüsusi qeyd etmək lazımdır.
Oktyabrın 19-da Cəbrayılda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi olub. Rəqəmsal idarəetmə mərkəzi 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyasından enerji alacaq. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi planlaşdırılan digər enerji mərkəzlərini də rəqəmsal platforma vasitəsilə idarə etməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçılara çatdırılması məsələsində abunəçi məmnunluğunu təmin edəcək. Cəbrayılda da 330/110 kilovoltluq qovşaq yarımstansiyasının tikintisi sürətləndirilir ki, bu da Qarabağ və Şərqi Zəngəzur bölgələrinin elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin edəcək, həyata keçirilən meqa layihələrin tələbatını ödəyəcək, yarımstansiyalar vasitəsilə Cəbrayıl-Naxçıvan-Ağrıya (Türkiyə) və oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə çıxış imkanı, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə birləşdirmək imkanı əldə edəcək.
Azərbaycan Avropa ölkələrinin böyük maraq göstərdiyi elektrik enerjisi ixracatçısına çevriləcək
Bundan başqa, 330 kilovoltluq "Cəbrayıl" yarımstansiyasının tikintisi İranla birgə inşa olunan "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarında, eləcə də alternativ və bərpa olunan enerji mənbələrində və kiçik su elektrik stansiyalarında istehsal olunan enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürülməsi üçün vacibdir.
Qubadlı şəhərində tikiləcək Rəqəmsal İdarəetmə Mərkəzi isə 110/35/10 kilovoltluq "Qubadlı" yarımstansiyasından enerji alacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi planlaşdırılan digər enerji mərkəzlərini də rəqəmsal platforma vasitəsilə idarə etməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi real vaxt rejimində istehlakçıların elektrik enerjisi ilə təchizatı məsələsində abunəçi məmnunluğunu təmin edəcək.
35/0,4 kilovoltluq "Qubadlı şəhəri" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzini 35/0,4 kilovoltluq "Cəbrayıl şəhəri" yarımstansiyası və "Hadrut" qovşaq yarımstansiyası ilə birləşdirən xətlərin yaradılması ilə dairəvi təchizat sistemi yaradılacaq. Eyni zamanda, 35/0,4 kV-luq "Qubadlı şəhəri" və "Cəbrayıl şəhəri" yarımstansiyaları arasında ikidövrəli kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərləri arasında qarşılıqlı enerji mübadiləsini təmin edəcək.
Bundan əlavə, Zəngilanda Arximed turbini tipli su elektrik stansiyası istifadəyə verilib. Arximed qurğusunun digər enerji istehsal edən sistemlərlə müqayisədə böyük üstünlüyü ondan ibarətdir ki, o, təzyiqsiz sudan enerji hasil edə bilir, quraşdırılması asandır və iqtisadi baxımdan qənaətlidir. Üç generatoru olan stansiya Ağalı kəndinin elektrik enerjisinə olan tələbatını tam ödəyə biləcək.
Bütün bu və Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən digər mühüm layihələr ölkəmizi Avropa ölkələrinin böyük maraq göstərdiyi elektrik enerjisi ixracatçısına çevirməyə imkan verir. Xüsusilə Ruminya Azərbaycandan Gürcüstan vasitəsilə elektrik enerjisinə çıxış əldə etmək üçün Qara dənizin dibi ilə marşrut çəkilməsini təklif edir.
Bu layihə çərçivəsində Gürcüstanla Ruminya arasında 1 195 kilometr uzunluğunda min meqavat elektrik ötürücü xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə Dünya Bankının dəstəyi ilə 2023-cü ilin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması planlaşdırılır. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması məsələsi müzakirə olunur.
Amma bu, Azərbaycandan Avropaya "yaşıl" enerjinin nəqli üçün təklif olunan yeganə marşrut deyil. İkinci marşrut Naxçıvandan keçən Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizidir, üçüncü marşrut isə Gürcüstan və Türkiyədən keçəcək.
Bütün bunlar "yaşıl" dəhliz yaratmağa imkan verəcək, Azərbaycandan elektrik enerjisinin ixracı bazarını şaxələndirəcək, ölkənin tədarükçü kimi rolunu artıracaq və Xəzər regionunun Avropa və Qara dəniz regionu ilə inteqrasiyasını gücləndirəcək. Beləliklə, Azərbaycanın "yaşıl" enerjidən istifadə etməklə Avropaya enerji təchizatı mənbələrinin şaxələndirilməsi üçün böyük perspektivləri var. Növbəti illərdə ölkədə elektrik enerjisi istehsalının dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsaslanacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafı sahəsində dövlət siyasətinin prioriteti, yeni qanunvericilik bazası və xarici sərmayə kimi bütün zəruri şərait var.
Bərpaolunan yeni enerji formalarına keçidin iqtisadi əhəmiyyəti çox böyükdür
Azərbaycanda son dövrlər “yaşıl enerji”yə keçidlə əlaqədar sistemli işlər görüldüyünü vurğulayan iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrasına başlanması, Zəngilanın Ağalı kəndində bu layihənin başa çatmaq üzrə olması və kənd konsepsiyasının icrasında məhz yaşıl enerjidən geniş istifadə olunması, o cümlədən işğaldan azad olunmuş ərazilərdə müxtəlif çaylar üzərində 13 avtomatlaşdırılmış hidroloji stansiyanın yaradılması ilə bağlı göstərişin verilməsi orada hidroloji enerji potensialından maksimum istifadəni nəzərdə tutur: "Respublikamız texniki cəhətdən istifadəsi mümkün olan 27 min meqavat alternativ enerji mənbələrinə malikdir. 3 min meqavat külək, 23 min meqavat günəş enerjisi, 380 meqavat bioenerji, 530 meqavata yaxın dağ çaylarının və bu qəbildən olan digər enerji mənbələrinin kifayət qədər alternativ enerji potensialı var. Bu, ölkənin “yaşıl enerji”yə keçidi üçün əlavə fürsətlər yaratmış olur".
Ekspert qeyd edib ki, ölkələrdə iqtisadi təhlükəsizliyin təmin olunmasında onun enerji təminatı çox böyük rol oynayır. Hazırda Azərbaycanda enerji təminatı ilə bağlı problem yaşanmasa da nəzərə almaq lazımdır ki, karbohidrogen ehtiyatları tükənən ehtiyatlardır. Bu isə bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasını zərurətə çevirir: “Bu, ölkənin ərazisi boyu alternativ enerji mənbələrinin aşkarlanması üçün son dərəcə strateji qərardır. Qərarın icrasından sonra “yaşıl enerji”yə keçid daha da sürətlənəcək. Bərpaolunan yeni enerji formalarına keçidin iqtisadi əhəmiyyəti çox böyükdür. Bu, iqtisadiyyatdan icrası üçün böyük layihə tələb edən prosesdir, həmçinin strateji olaraq effektivdir. Bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsi üçün bərpaolunan enerji məsələləri üzrə informasiya sisteminin də yaradılması qarşıya məqsəd kimi qoyulub. Bu kontekstdə də “Bərpa olunan enerji mənbələrinin potensialı atlası”nın yaradılması da gündəmdədir. Məhz bu atlas üzərindən çıxaraq bərpa olunan enerji mənbələrinin potensial yerləri müəyyən edilir".
E.Əmirovun sözlərinə görə, Azərbaycanda neft strategiyasının davamı olaraq bərpa olunan enerji mənbələrindən səmərəli istifadə edilməsi üçün məhz “Bərpa olunan enerji mənbələrinin potensialı atlası”nın yaradılması tələb olaraq qarşıya qoyulub.