"Bir aydır ki, ekofəallar Xankəndi-Laçın yolu üzərində etiraz aksiyaları keçirirlər".
Bunu "Sherg.az"a "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov Paşinyan “Ermənistanın Laçın yolunun rahat işləməsini təmin etmək öhdəliyi yoxdur” iddiasının “kodlarını” açarkən deyib. O diqqətə çatdırıb ki, yalnız Rusiya sülhməramlılarına məxsus humanitar məqsədli yardım yükünün aparılmasına şərait yaradırlar:
"Məlum vəziyyət erməni cəmiyyətində çoxsaylı narazılıqların baş qaldırmasına səbəb olan hallara çevrilib. Artıq Ermənistan üzərindən keçməklə Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimə silah-sursat, hərbi texnikanın göndərilməsinin qarşısı alınıb. Ölkəmizin təbii sərvətləri qeyri-qanuni yolla istismar edilirdi. İndi bu proseslər müəyyən qədər əngəllənib.
Məqsədlərinə nail ola bilməmək separatçı rejim qədər Ermənistanı da ciddi narahat edən amildir. Amma rəsmi İrəvan bunu birbaşa Azərbaycana qarşı səsləndirə bilmir. Açıq şəkildə bildirmək istəyir ki, sözügedən məsələ ilə Rusiya məşğul olmalıdır. Təbii ki, Paşinyan hər zamankı kimi analoji açıqlamalarına davam edəcək.
"Yaxasını" qırağa çəkib, məsələni rəsmi Moskvanın üzərinə yıxmaqla ölkəmiz və Rusiyanı qarşı-qarşıya qoymaq niyyətindədir. Eyni zamanda hazırki çıxışı ilə cəmiyyəti müzakirələrdən kənarda qaldığına inandırmağa çalışır. Əsl məqsədi isə rəsmi Moskvanın əli ilə münasibətləri gərginləşdirməkdir".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Laçın yoluna dair İrəvanın Moskva qarşısında çıxış eləməsi ilə bağlı sualı cavablandırıb. N.Paşinyan bildirib ki, Ermənistanın Laçın yolunun rahat işləməsini təmin etmək öhdəliyi yoxdur:"Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatumlarla danışmalıyıq".