“Azərbaycan öz gücünü nümayiş etdirərək, başa saldı ki, ermənilər istəsələr də, istəməsələr də, vaxtından əvvəl sülhməramlıları yola sala bilər”
Prezident İlham Əliyev Azərbaycan dövlətinin yaxın 10 il üçün yol xəritəsini cızıb. Xarici siyasətlə bağlı atılacaq addımları gündəmə gətirib. Eyni zamanda dövlətimizin sosial, iqtisadi siyasətinin xarakteristikasını verib".
Bu sözləri "Sherg.az"a siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib. O diqqətə çatdırıb ki, bizi maraqlandıran Azərbaycanın yaxın zamanlarda həyata keçirəcəyi siyasət idi:
"Qayıdış qismini nəzərə almasaq, vəziyyəti iki hissə kimi dəyərləndirmək olar. Müharibə və onun siyasi nəticələri, hazırkı vəziyyət və postmüharibə dövründə Azərbaycanın Qarabağ, həmçinin Şərqi Zəngəzurda həyata keçirdiyi tədbirlər planı, atacağı addımlarıdır. Cənab Prezidentin toxunduğu məsələlərdən biri də təbii ki, Ermənistan-Azərbaycan münaqişəsini başa çatdırmaq üçün sülh müqaviləsinin bağlanması ilə əlaqədardır.
Azərbaycan tərəfinin BMT Nizamnaməsini beş əsas prinsipinə uyğun olaraq, öz təkliflərini Ermənistana təqdim etdiyi məlumdur. Rəsmi İrəvan da həmin təklifləri qəbul edib. Amma faciə ondan ibarətdir ki, düşmən tərəf siyasət yürüdə bilən dövlət deyil. Onun dövlət başçısı da siyasətdən uzaq adamdır. Ermənistanın siyasi perspektivi görünmür. Dövləti idarə edənlər hələlik cari məsələlərlə məşğuldurlar. Gələcəyi görə bilmirlər. Amma Azərbaycan konkret olaraq, öz şərtlərini qoyur. Qalib dövlət kimi, özünün imza atacağı sülh proqramının çərçivələrini müəyyən edib.
Rəsmi İrəvandan əks addımlar gözləyir. Hələlik Ermənistan bu şansdan yararlanmır. Qarşı tərəf unutmamalıdır ki, 2020-ci ilin yayında Azərbaycanı həddindən artıq qıcıqlandıracaq addımlar atırdılar. Amma son gülən həmişə qalib hesab olunur. Dövlətimiz öz gücünü göstərib. Lazım gəlsə, yenə edə bilər. Çünki ölkə lideri İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin sayının iki dəfə artırıldığını elan edib. Azərbaycan hər növ silahlarla təmin olunub".
C.Nuriyev əlavə edib ki, dövlət başçısı çıxışı boyunca Ermənistana sətiraltı, çoxsaylı mesajlar verib:
"Rəsmi İrəvanı dəstəkləyən ölkələr də bunu anlamalıdır. Amma bütün hallarda düşmən dövlətin hansı addımlar atacağı hələ müəyyənləşdirilməyib. Sülh yaratma prosesi gərək ikitərəfli razılaşmalar əsasında həyata keçirilsin. Beynəlxalq praktikada da adətən, bütün sülh danışıqlarının aparılmasında üçüncü tərəf qərəzsiz, obyektiv şəkildə gedişatda iştirak edir. Rusiya vaxtilə bu statusda çıxış etməyə çalışıb. Artıq Avropa İttifaqı sözügedən məsələnin həllində kifayət qədər müsbət fəaliyyət göstərib. Doğrudur, Fransa prezidenti Emmanuel Makron uzağı görə bilməyən, ağılsız siyasəti ilə bu prosesləri gecikdirib. Ermənistanı kömək adı altında daha da pis vəziyyətə qoyub. Ona görə də işlərin uzanmasının günahkarı Azərbaycan deyil”.
Politoloq həmçinin vurğulayıb ki, Azərbaycan Ordusu "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, Sarıbaba və digər bir sıra əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb:
"Belə addımlar çox məsələləri dəyişib. Artıq 31 gündür ki, Azərbaycanın ekofəalları Xankəndi-Laçın yolunda tələblərini irəli sürürlər. Humanitar bir aksiya həyata keçirilir. Bu müddət ərzində Rusiya sülhməramlıları hərəkət etməyiblər. Halbuki həmişə ermənilərin tərəfini tutublar. Azərbaycan öz iradəsini, gücünü nümayiş etdirərək, başa saldı ki, ermənilər istəsələr də, istəməsələr də, vaxtından əvvəl sülhməramlıları yola sala bilər. Ona görə də Ermənistan müxtəlif təşkilatlara müraciət edir. Azərbaycan ərazisində yaşadıqlarını anlamırlar. Razı olmadığımız müddətcə rəsmi İrəvan ərazilərimizdə heç bir prosesi reallaşdıra bilməz. Qarşı tərəfdə konkretlik olmadığına görə, atacağı addımları proqnozlaşdırmaq olmur. Eyni zamanda Ermənistan dövlət deyil. Nikol Paşinyan isə məhlə səviyyəsində, balaca bir kəndin bələdiyyə sədri statusundadır. Gün ərzində bir neçə qərar dəyişir. Azərbaycan Prezidenti sülhməramlıların Qarabağ ərazisindən çıxmağı ilə bağlı mesajını verib. Dövlətimizin onları saxlamaq fikri yoxdur. Bunu dövlət başçısı birmənalı şəkildə vurğulayıb. Cari il Ermənistan üçün son şansdır. Çünki proqnozla götürsək, Azərbaycan Xankəndiyə nəzarəti ələ keçirəcək".
Qeyd edək ki,Ötənlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Ölkə lideri bildirib ki, bu il sonuncu şans olacaq. "Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər", - deyə dövlət başçısı Ermənistan tərəfinə xəbərdarlıq edib.