Artıq zərurətdir! - Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsi yaradılır?

"Son günlər Ermənistandan Xankəndiyə silah daşınması cəhdi ilə bağlı bir neçə dəfə məlumat yayılıb. Qarşı tərəfin məkrli planının qarşısı alınıb. 
 Xankəndiyə silah daşınması Ermənistanın destruktiv mövqeyindən, sülh gündəliyindən uzaq olmasından xəbər verir. Ermənistan hakimiyyəti qanunsuz rejimi silahlandırmaqla növbəti hərbi toqquşmalara şərait yaradır".

Bunu "Sherg.az"a açıqlamasında jurnalist, siyasi şərhçi Kənan Novruzov deyib.
O bildirib ki, faktın özü Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsinin yaradılmasını zəruri edir. Əks halda ermənilər yenə oxşar addımlar atacaqlar:

"Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsi yaradılmayanadək aksiyalar başa çatmayacaq. Aksiyalar həmin vaxtdan tez sonlanarsa, ermənilərin asanlıqla Xankəndiyə silah daşımalarına şərait yaranacaq. Təxribatların intensivləşməsi, hərbi toqquşma deməkdir. Görünür, qarşı tərəf bunda maraqlıdır.

Dinc etiraz aksiyalarının əsas səbəblərindən təbii sərvətlərimizin talanmasıdır. Əgər sərhəd- nəzarət postu quraşdırılmadan aksiyalar başa çatarsa, sərvətlərimizin talanması prosesi davam edəcək. Deməli, Laçın yolunda sərhəd - keçid məntəqəsi quraşdırılanadək aksiyalar davam etməlidir və edəcək də. Aksiya iştirakçılarının əzmkarlığı belə deməyə əsas verir".

Qeyd edək ki, Xankəndi – Laçın yolunda azərbaycanlı ekofəalların dinc aksiyaları üç aydır davam edir. Bu aksiyalar tamamilə legitimdir. Həmçinin ərazidən humanitar təyinatlı yüklərin keçirilməsinə şərait yaradılır.