Mayın 10-na qədər Azərbaycanın aidiyyəti qurumlarının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoyula bilər”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Laçın yolu ətrafında və Ermənistanla şərti sərhəddə mövqelərini möhkəmləndirir:
“Eyni zamanda, Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində alternativ yollara nəzarəti bərpa etməklə, separatçılar üzərində təzyiqləri gücləndirib. Demək olar ki, bütün yollar nəzarət altındadır və Ermənistanla separatçılar arasındakı hərbi əlaqə tam dayandırılıb. Qənaətimə görə, mayın 10-na kimi Ermənistanla sərhəddə, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoyula bilər”.
Məhəmməd Əsədullazadənin fikirlərinin yerində olduğunu deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Azərbaycan bu istiqamətdə son vaxtlar çox ciddi əməliyyat tədbirləri görür və uğurlu nəticələr əldə edir:
"Bunu tarix olaraq dəqiq şəkildə ifadə etmək mümkün deyil. Amma görünən odur ki, Azərbaycanın tərəfi ən qısa zaman kəsiyində prosesi yekunlaşdırmağa çalışır. O ki, qaldı Azərbaycanın nəzarət-buraxılış məntəqələri formalaşdırmasına Qərbdən və Rusiyadan gələcək reaksiyalara, biz hər iki tərəfin biri-biri ilə ciddi qarşıdurma yaşadığını deyə bilərik. Ona görə də iki tərəfdə maksimum dərəcədə yüklərini azaltmağa çalışır. Ümumiyyətlə Qərbdə Azərbaycan əleyhinə sərt mövqedə dayanan təkcə Fransadır. Digər ölkələr anti-Azərbaycan mövqeyində dayansalar da, bunu sərt formada etməkdən çəkinirlər. Fransa faktoru isə Qərbin ümumi yanaşmasını dəyişə bilməz. Hətta İtaliya, Böyük Britaniya kimi ölkələr bəzi məsələlərdə Azərbaycanı dəstəkləyirlər də deyə bilirik. Almaniya faktoru var idi ki, Prezidentin son səfərindən sonra onlar da Qarabağ məsələsini aktiv şəkildə müdafiə etmir. Yəni nə Azərbaycanın xeyrinə, nə də zərərinə addımlar atır".
Ekspertin sözlərinə görə, Rusiya Ukrayna savaşında ciddi problemlərlə üzləşdiyi üçün, onun Cənubi Qafqazda aktiv rol alması inandırıcı görünmür:
"Həmçinin biz Ermənistanın Rusiyaya qarşı siyasət izləməyini də nəzərə almalıyıq. Ona görə də Rusiyanın bu hadisələr fonunda ciddi şəkildə anti-Azərbaycan mövqeyi ortaya qoyacağını hesab etmirəm. Sadəcə Kreml proseslərə müdaxilə etməyə çalışacaq və bu hadisələrin dəyişməsində öz maraqlarının zədələnməsi istiqamətində addımlar atacaq. Bu da bizim üçün təhlükəli sayılmamalıdır. Çünki Azərbaycan dövləti nə Rusiya, nə Qərb, nə də uzaq Çin əleyhinə addımlar atır. Sadəcə öz maraqlarından çıxış edir. Hadisələrin isə yaxın zamanda, rəsmi Bakının istəyi üzrə tamamlanacağını düşünürəm".