İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
İyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Ermənistanın təxribatlarının silsilə hal aldığını qeyd edən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, onlar atəşkəsi pozmaqla yalnız bir məqsədə nail olmaq istəyir:
"Əsas məqsəd ermənilərin sülh prosesində, olmayan hərbi gücünü göstərmək və bundan təzyiq vasitəsi kimi istifadə edərək rəsmi Bakıdan maksimum güzəşt əldə etməkdir. Yəni maraqlarını təmin etməyə çalışırlar. Digər tərəfdən Paşinyanın iqtidarının ordu üzərində nəzarəti olmaması məsələsi də var. Bu isə əvvəlcədən məlum idi. Çünki Ermənistan ordusunun yüksək rütbəli zabitlərinin əksəriyyəti Rusiya və İran kimi ölkələrin hərbi elitası ilə əlaqələrə malikdir. Belə olan təqdirdə isə biz şovinizm meyilli zabitlərin, siyasi iqtidarın qərarlarını sorğulamayacağını iddia edə bilmərik. Ona görə ki, sözügedən hərbiçilər Paşinyan hakimiyyətinin aldıqları bəzi qərarların dövlət maraqlarına ziddiyyət təşkil etdiyini fikirləşirlər. Səbəb isə həmin şəxslərin siyasi biliklərinin az olması və hər şeyə hərbiçi gözü ilə baxmalarıdır. Belə halda onları kənardan aldatmaq da asan məsələyə çevrilir. Çünki ortada məğlub Ermənistan var və o artıq öz maraqlarını müdafiə edə bilmir".
Ekspert vurğulayıb ki, rəsmi İrəvanın maraqları həm də, beynəlxalq hüquqla ziddiyyət təşkil edir və işğalçılıq siyasətinə əsaslanır:
"Çünki onların maraqaları başqasının suveren haqları və qaydalarını pozmaq üzərinə həyata keçirilir. Ona görə də həmin yüksək rütbəli ordu məmurlarına xaricdən təzyiq göstərilir. Nəticədə də belə təxribatlar davam edir. Amma bu heç də o demək deyil ki, təkcə xarici amillər əsasdır. Bəzən Paşinyan iqtidarı özü də, təxribatlara əl ataraq güzəştlər və ya vaxt əldə etməyə çalışır. Sual yaranır ki, belə olan təqdirdə rəsmi Bakı nə etməlidir? Əlbəttə Azərbaycan tərəfi çox səbr edə bilməz. Səbrin də bir həddi olmalıdır. Biz hər zamankı kimi ordumuzun gücünü və ayıq-sayıq olduğumuzu göstərməliyik. Necə ki, onlar həm prosesi uzatmaq, həm də güzəştlər əldə etmək üçün hərbi yola əl atır, biz də eyni şəkildə qarşılıq verməli və Azərbaycan suveren haqlarının təmin edilməsində müəyyən çəkindirici tədbirlər həyata keçirməliyik. Düşünürəm ki, rəsmi Bakı artıq bu ssenari üzərində də çalışır. Yəni dəqiq vaxtı söyləmək mümkün olmasa da, yaxın zamanda Azərbaycanın da hərbi metodlara əl atacağını görə bilərik".