İndi lazımdır ki, kənd təsərrüfatı təyinatlı torpaqlar öz təyinatı üzrə istifadə olunsun
Abşeron rayonunun bütün “sovxozları” artıq yaşayış massivlərinə çevrilib. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında danışılıb. “Torpaq Məcəlləsi”nə dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev bildirib ki, kütləvi massivlərlə əlaqədar “özbaşına tikililər” adı altında konsepsiya işlənib hazırlanacaq. Növbəti mərhələdə kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək: “Burada həm məskunlaşma məsələləri, həm də şəhərsalma elementləri və infrastruktur gözlənilməlidir. Biz müasir dövlətik, ona görə də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək".
Qeyd edək ki, kənd təsərrüfatına yararlı torpaq sahələrinin aidiyyəti üzrə istifadəsi məsələsi uzun müddətdir ki, müzakirə predmetidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışları zamanı dövlət proqramlarının əhatə etdiyi genişmiqyaslı layihələrə toxunarkən meliorasiya və su təsərrüfatı sahəsinə xüsusi diqqət ayırır. Cənab Prezident vurğulayıb ki, dövlət proqramının icrası uğurla aparılır. Lakin ölkəmizin idxal faktorundan asılılığının minimuma endirilməsi kənd təsərrüfatının inkişafından asılıdır. Bu isə öz növbəsində əkinə yararlı torpaqların kultivasiyası, əkinə yararlı torpaqların təyinatı üzrə istifadəsini, həmçinin suvarma sistemlərinin dəqiq işləməsinə bağlıdır.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında kənd təsərrüfatına yararlı torpaq sahələrinin təyinatı üzrə istifadəsinin vacib olduğunu vurğuladı:
"Müəyyən zaman oldu ki, kənd təsərrüfatı təyinatlı torpaqlar yaşayış massivlərinə çevrildi, digər məqsədlər üçün istifadə edilməyə başlandı. Bunun səbəbləri vardı. Məcburi köçkün problemini biz görməzdən gələ bilmərik. Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə insan yurdundan didərgin düşdü. Qarışıq bir zamanda bu insanlar boş ərazilərdə evlər tikdilər, məskunlaşdılar. Onları qınamaq da olmaz. İnsanlar haradasa yaşamalıydı, mənzillə təmin edilməliydi. Digər səbəb regionlardan əhalinin iş üçün paytaxta axışmasıdır. Abşeron rayonunda geniş torpaq sahələri var ki, orada vaxtilə müxtəlif bölgələrdən Bakıya köçmüş əhali məskunlaşıb. Eyni zamanda bəzi məmurların səhlənkarlığı, məsuliyyətsizliyi, rüşvətxorluğu sayəsində əkinə yararlı, kənd təsərrüfatı üçün istifadə olunmalı torpaqlar kimlərəsə obyekt olaraq satılıb, müxtəlif iaşə obyektləri tikilib. İndi zaman artıq dəyişib. Torpaqlarımız işğaldan azaddır. Sabiq məcburi köçkünlər doğma yurdlarına qayıdır. “Böyük Qayıdış” proqramı uğurla icra olunur. Lazımdır ki, kənd təsərrüfatı təyinatlı torpaqlar da öz təyinatı üzrə istifadə olunsun. Cənab Prezident tamamilə doğru vurğulayıb ki, idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatının inkişafı mütləqdir. Biz ərzaq təhlükəsizliyimizi də ancaq bu yolla təmin edə bilərik. Bu gün xırda və iribuynuzlu mal-qaranın sayında azalma var. Səbəblər çoxdur. Amma bir səbəb də otlaqların azalmasıdır. Kəndli, fermer heyvanlarını otarmaq üçün yer tapmır, quru ot, yem də bahalaşır, nəticədə ətin qiyməti də qalxır. Qarşıdan müqəddəs Qurban bayramı gəlir, amma bizdə qurbanlıq quzuların qiyməti də qalxıb, quzu ətinin qiyməti də. Bunu tələb-təklif qanunuyla əlaqələndirə bilərik. Lakin problemləri də görməliyik. Ətin, xırdabuynuzlu heyvanların qiyməti təkcə tələb-təklif qanunauyğunluğuna görə qalxmır. Həm də ona görə qalxır ki, mal-qaranın, xırda buynuzlu heyvanların sayında ümumi azalma var. Çünki fermerlər heyvan saxlaya bilmir, maddi imkanları çatmır, münbit şərait də yoxdur. Ona görə də kənd təsərrüfatına yararlı torpaqlardan, nəhayət ki, öz təyinatı üzrə istifadəyə başlanmalıdır'.