Qarabağda sənayenin dirçəlməsi yerli əhali üçün iş yerlərinin açılması, əhalinin qazanclarının artacağı deməkdir
Yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsinin açılması gözlənilir. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu zamanı bildirib. Nazir qeyd edib ki, bu investisiya layihəsi özbək şirkəti tərəfindən həyata keçirilir. Nazir həmçinin Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının sürətlə inkişaf etdiyini qeyd edib. “Azərbaycan sahibkarlarının Özbəkistanda aktiv fəaliyyətə marağının əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Qarşılıqlı maraq özbək biznesmenləri tərəfindən də artır ki, bu da bizi çox sevindirir. Əvvəlki illərdə vurğuladığımız kimi, indi bizim birgə emissiya alətimiz var və inanıram ki, zaman keçdikcə onun müsbət təsirini daha çox görəcəyik,” - deyə o əlavə edib. Hazırda Özbəkistanda 62-si birgə müəssisə olmaqla, Azərbaycan kapitallı 236 müəssisə fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 70 özbək şirkəti aktiv fəaliyyət göstərir. Ümumilikdə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 118,2 milyon ABŞ dollarını keçib.
Əslən Qarabağlı, yazıçı-publisist Kərim Kərimli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, tikiş-toxuculuq sənayesi Qarabağda həmişə olub:
- Xankəndidə sovet vaxtı ipək kombinatı, tikiş fabriki var idi. İşğal dövründə də bildiyim qədər fabrik işləyirdi. Bəlkə, həmin müəssisələrin binası indi də qalır. Çünki Xankəndidə dağıntı olmayıb, yalnız antiterror əməliyyatı oldu, ermənilər də özləri sərbəst şəkildə çıxıb getdilər. Xankəndidə tekstil istehsalı müəssisəsinin açılması müsbətdir. Qarabağda sənaye dirçəldilməlidir, bu həm iqtisadiyyatın inkişafıdır, həm də yerli əhali üçün iş yerlərinin açılması, əhalinin qazanclarının artacağı deməkdir. İnvestiya layihəsi Özbəkistan şirkəti tərəfindən həyata keçiriləcəksə, keyfiyyətli xammalın alınması da mümkün olacaq. Ümumiyyətlə, Özbəkistan Respublikası ipək istehsalına görə dünyada ön sıralardadır. Səhv etmirəmsə, Bərdə şəhəri yaxınlığında 6 rayonda ipək istehsalı üzrə klaster istehsalının yaradılması, Yevlax Pilot Aqroparkında və Ağdam Sənaye Parkında yeni emal layihələrinin həyata keçirilməsi haqqında Azərbaycanla Özbəkistan arasında 2022-ci ilin avqustunda razılaşma əldə edilib. O zaman iqtisadiyyat naziri Mikayıl Cabbarovun Daşkəndə səfəri çərçivəsində ölkələr arasında investisiya əməkdaşlığı və sənaye kooperasiyası müzakirə olunub, həmçinin ortaq layihələr üzrə bir sıra məsələlər razılaşdırılıb.