Lavrov-Mirzoyan danışığı: Rusiya vasitəçilik təklif edib -RƏY

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər ikitərəfli, regional və qlobal gündəliyin aktual məsələlərini müzakirə ediblər.
S.Lavrov Bakı və İrəvan arasında sülh sazişi mətninin razılaşdırılmasını rəsmi Moskvanın yüksək qiymətləndirdiyini bildirib.

Politoloq Oqtay Qasımov "Sherg.az"a deyib ki, Lavrovla Mirzoyanın telefon danışığı və yayılan fikirlər diplomatik dillə söylənən fikirlərdir:

"Sözügedən telefon zənginin məqsədi Azərbaycan-Ermənistan arasında imzalanması ehtimal olunan sülh prosesində Rusiyanın vasitəçi rolunun təklifi və müzakirəsidir. Lakin hesab etmirəm ki, Bakı və İrəvan ikitərəfli şəkildə başa çatdırdıqları məsələdə hansısa digər vasitəçinin iştirakında maraqlı olsunlar. Digər tərəfdən danışılan əsas məsələ Ermənistanda Parlamentdə bu gün müzakirəyə çıxarılacaq Avropa İttifaqına inteqrasiya ilə bağlı sənəddir. Bu, Rusiya üçün daha vacib və prinsipial mövzudur. Eyni zamanda burada Kremlin mövqeyi də məlumdur. Bir neçə gün öncə Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu Ermənistanın Aİ-yə inteqrasiyası barədə fikrini səsləndirmişdi".

Politoloq Moskvanın Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasında vasitəçiliyinə gəlincə, qeyd edib ki, nə Rusiya, nə də başqa dövlətin iştirakı prosesi sürətləndirməz:
"Çünki moderatorların yer aldığı məsələdə adətən onların da maraqlarının nəzərə alınması üçün tərəflərə müxtəlif təzyiqlər edirlər. Bu da nəticədə sülhün əngəllənməsinə, ya da yubanmasına gətirib çıxarır".