Ermənistan təlimatlar əsasında hərəkət edir
Sistemli silahlanma o deməkdir ki, Ermənistan Azərbaycana qarşı revanş imkanını gözləməkdədir
Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Son günlər Ermənistan silahlı qüvvələri şərti sərhədlərdəki mövqelərimizi intensiv atəşə tutur. Ötən gün erməni silahlıları Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərindən mövqelərimizi atıcı silahlardan fasilələrlə atəşə məruz qoyublar. Müdafiə Nazirliyi məlumat yayıb ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Məsələ ondadır ki, danışıqlar prosesinin intensivləşdiyi, sülhdən danışıldığı ərəfədə Ermənistanın təxribatlara əl atmasına, prosesə mane olmasına artıq öyrəşmişik. İrəvan 30 ildir eyni metodologiyadan istifadə edir. Ermənistan tərəfi sazişin imzalanması ilə bağlı israrçı mövqedədir. Azərbaycan tərəfi isə sülh müqaviləsinin imzalanması üçün əsaslı şərtlərini gündəmə gətirir. Rəsmi Bakı Konstitusiya dəyişmədən, ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciət edilmədən sülh sazişinin imzalanmayacağını vurğulayır. Bir sıra ekspertlərə görə, Ermənistanın davamlı təxribatlarında da məqsəd sülh prosesində Bakıya beynəlxalq təzyiq göstərilməsinə nail olmaqdır. İstənilən halda Ermənistan bu cür təxribatlarla gərginliyi artırır və danışıqlar prosesinə zərbə vurur. Ən əsası isə özünü çətin duruma salır.
Siyasi elmlər doktoru, professor, keçmiş millət vəkili Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan mahiyyət etibarı ilə ənənəvi davranışlarına sadiqlik nümayiş etdirir. Professor vurğulayıb ki, sülhdən danışan keçmiş münaqişə subyekti heç bir halda sistemli şəkildə silahlanmamalı, hərbi cəhətdən təchiz edilməməlidir:

E.Mirbəşiroğlu vurğulayıb ki, Ermənistan təlimatlar əsasında hərəkət edir:
"Yəni Ermənistanı dəstəkləyən Qərb dairələri İrəvandan tələb edirlər ki, gərginlik elementlərni saxlasın. Əgər belə bir element yoxdursa, onu özü yaratsın. Gərinlik Qərb ölkələrinə Cənubi Qafqaza müdaxilə etmək üçün çox vacibdir. Razılaşdırılmış məqam ondan ibarətdir ki, sərhəddə üçüncü tərəfin hansısa qüvvəsi olmasın. Ermənistan nəhayət Azərbaycanın bu şərti ilə razılaşdı. Amma biz bilirik ki, Ermənistan ərazisində Avropa İttifaqının "mülki missiyası" var. Hamı bilir ki, bu, iddia edildiyi kimi "mülki missiya" deyil. Missiyanın tərkibi Fransa, Almaniya və digər dövlətlərin güc təmsilçilərindən ibarətdir. Əslində onlar şərti sərhədlərdə kəşfiyyat, diversiya fəaliyyətini həyata keçirirlər. Bir çox hallarda dolayısı ilə Ermənistanın təxribatlarının iştirakçısı olurlar. Ona görə də Ermənistan şərti sərhədlərdə zaman-zaman təxribatlar törədir. Məqsəd Qərbə regionda öz mövcudluğunu təmin etmək üçün onun istədiyi şəraiti yaratmaqdır. Heç bir halda Ermənistanın sülh ritorikasını səmimi qəbul etmək olmaz. Ermənistan səmimi olsaydı, tez zamanda Konstitusiyasında dəyişiklik edər, Minsk qrupunun ləğvinə dair birgə müraciətdən qaçmazdı. Bununla yanaşı, sistemli silahlanmadan imtina edərdi. Əgər bunları etmirsə, deməli, Ermənistan Azərbaycana qarşı revanş imkanını gözləməkdədir. O baxımdan düşməni olduğundan daha zəif duruma salmaq lazımdır. Ermənistanı aciz durumda saxlamalıyıq ki, baş qaldırmaq iqtidarında olmasın. Azərbaycanın malik olduğu güc mövqeyi sülh gündəliyini irəli aparan əsas qüvvədir. Məhz bu qüvvəyə istinad edərək irəli getməliyik".