Lavrovun mesajı birbaşa İrəvanadır: Azərbaycan “3+3” formatını elə ilk gündən dəstəkləyib

Millət vəkili: “Ermənistan Qərbə üz tutmaqla regiondakı əməkdaşlıq formatlarına zidd gedir”
“3+3” formatında xarici işlər nazirlərinin yeni toplantısına ev sahibliyi etmək üçün həm Ermənistan, həm də Azərbaycan iddialıdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında verdiyi bəyanatdan belə nəticə çıxarmaq olar. Sergey Lavrov bildirib ki, Rusiya razıdır ki, formatın növbəti iki görüşü Ermənistan və Azərbaycanda keçirilsin və bu barədə razılaşma əldə olunub. Lavrovun sözlərindən belə aydın olur ki, İrəvanla Bakı arasında bu məsələdə müəyyən fikir ayrılığı mövcuddur. Qeyd edək ki, sonuncu belə xarici işlər nazirləri səviyyəsində toplantı ötən ilin oktyabrında Türkiyədə baş tutmuşdu. Ondan əvvəlki toplantı isə Tehranda keçirilmişdi. Ümumilikdə isə “3+3” formatının ilk toplantısı, daha aşağı səviyyədə Moskvada baş tutmuşdu. Bu baxımdan növbə həm Bakının, həm də İrəvanın ola bilər. Hazırda hansı tərəfin ilk olaraq ev sahibliyi etməli olduğu məsələsində razılaşma yoxdur. Bununla yanaşı, ehtimal olunur ki, bu məsələ daha geniş müzakirə mövzusudur. 
Millət vəkili Naqif Həmzəyev Sherg.az-a deyib ki, Azərbaycan "3+3" formatını ilk gündən dəstəkləyib. Deputatın sözlərinə görə, hətta İran da bu çağırışa müsbət cavab verib:
 "Sadəcə Gürcüstan burada iştirak etmirdi. Tbilisinin tərəddüdü də Rusiya ilə bağlı məsələdir. İrəvan "altılıq" formatında keçirilən görüşlərdə iştirak etsə də, birmənalı Qərbə üz tutan ölkə də məhz Ermənistandır. Avropa İttifaqı "müşahidə missiyası"nın da bölgəmizə gəlməsinin əsas səbəbkarı Ermənistandır. Ona görə də Lavrovun "3+3" formatı ilə bağlı çağırışı, "bölgənin problemləri region dövlətləri tərəfindən həll olunmalıdır" ifadəsi birbaşa İrəvan hökumətinə ünvanlanmış mesajdır. Yəni faktiki indiki məqamda, "3+3" formatına, "bölgənin problemləri region dövlətləri tərəfindən həll olunmalıdır" yanaşmasına qarşı çıxan Ermənistandır. İrəvan hökuməti ABŞ-nin və Avropa İttifaqının bölgəyə gəlməsində maraqlıdır və bu istiqamətdə ciddi addımlar atır. Bu da Rusiyanı, İranı narahat etməkdədir".