II Qareginin taxtı təhlükədə: İrəvanın Erməni Kilsəsi ilə bağlı gizli planı üzə çıxdı!

Ermənistan hökumətinin 2026–2031-ci illər üçün fəaliyyət proqramı qanunsuz hüquqi akt kimi Konstitusiya Məhkəməsində mübahisələndirilə, ölkədaxili hüquqi prosedurlar başa çatdıqdan sonra isə beynəlxalq məhkəmə instansiyalarına çıxarıla bilər. Bunu keçmiş ədliyyə naziri, Erməni Apostol Kilsəsinin (EAK) Ali Ruhani Şurasının üzvü Gevork Danielyan Sputnik Ermənistan-a müsahibəsində bildirib.

Ermənistan hökuməti avqustun 20-də 2026-2031-ci illər üçün fəaliyyət proqramını təsdiqləyib. Proqramın yaxın vaxtlarda Milli Assambleyaya təqdim olunması planlaşdırılır.

İqtisadiyyat, daxili və xarici siyasətlə bağlı müddəalarla yanaşı, sənəddə “Mənəvi təhlükəsizlik” adlı ayrıca bölmə də yer alır. Bu bölmədə EAK-nın “yenilənməsi” həyati zərurət kimi təqdim olunur.

Danielyan hakimiyyətin EAK ilə bağlı addımlarını yalnız kilsə əleyhinə deyil, həm də milli maraqlara zidd siyasət kimi qiymətləndirir. Onun fikrincə, proqramın məzmunu göstərir ki, kampaniyanın hədəfi hakimiyyət nümayəndələrinin əvvəllər bildirdiyi kimi bütün ermənilərin katolikosunun şəxsiyyəti deyil, birbaşa Kilsənin özüdür.

“Əgər indiyədək bu, yalnız siyasi partiyanın planı idisə, Milli Assambleya tərəfindən təsdiqləndikdən sonra dövlət siyasətinə çevriləcək. Bu isə o deməkdir ki, bütün bu konstitusiyaya zidd prosesə dövlət hakimiyyəti orqanları və müvafiq maliyyə resursları mütləq cəlb olunacaq”, - deyə keçmiş nazir bildirib.

Danielyan seçkiqabağı dövrdə kilsə əleyhinə ritorikada yaranan nisbi fasiləni hakimiyyətin seçicilərin mənfi reaksiyasından yayınmaq istəyi ilə əlaqələndirir. O, həmçinin qeyd edib ki, proqramı hazırlayan partiyaya parlament seçkilərində iştirak edən seçicilərin 49,8 faizi səs verib ki, bu da səsvermə hüququ olan vətəndaşların təxminən 29 faizinə bərabərdir. Onun qiymətləndirməsinə görə, bu göstərici sənədin legitimliyinin aşağı olduğunu göstərir.

Danielyan vurğulayıb ki, EAK yalnız Ermənistanın deyil, ümumerməni dini qurumudur və onun fəaliyyəti diasporun çoxsaylı icmalarını da əhatə edir. Buna görə də onun fikrincə, proqramda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi diasporun iştirakı olmadan mümkün deyil.

“EAK katolikosunun seçilməsində bütün erməniləri təmsil edən şəxslər iştirak edir. Yəni icra hakimiyyəti öz konstitusion statusunu pozaraq proqramda nəzərdə tutulan addımları həyata keçirməyə cəhd etsə belə, bunu diasporun iştirakı olmadan edə bilməyəcək”, — Danielyan qeyd edib.

Onun fikrincə, proqramın Kilsəyə həsr olunmuş bölməsi hüquqi problemlərlə yanaşı, digər risklər də yaradır. Xüsusilə hakimiyyətin nəzərdə tutduğu “yenilənmə” EAK-nın uzun müddət seçilmiş rəhbərsiz qalmasına gətirib çıxara bilər.

Danielyan ehtimal olunan tədbirlərin ardıcıllığına diqqət çəkib: katolikosun istefası, katalikos vəzifəsinin müvəqqəti icraçısının seçilməsi, daha sonra isə yeni kilsə nizamnaməsinin hazırlanması və qəbul edilməsi. Onun sözlərinə görə, bu proses illərlə davam edə bilər.

“Qüvvədə olan nizamnaməyə əsasən, yeni nizamnamənin qəbul edilməsi və ya mövcud nizamnaməyə dəyişikliklərin edilməsi müstəsna olaraq Milli-Kilsə Şurasının səlahiyyətindədir. Belə bir şuranın çağırılması isə nümayəndələrin seçilməsi də daxil olmaqla, qaçılmaz olaraq böyük təşkilati səylər tələb edir”, — deyə o bildirib.

Danielyan həmçinin xatırladıb ki, diasporu təmsil edən bir sıra yeparxiyalar hakimiyyətin Kilsəyə qarşı hərəkətlərini açıq şəkildə pisləyiblər. Onun fikrincə, bu, onların belə proseslərdə iştirakını sual altına qoyur və eyni zamanda EAK daxilində fikir ayrılığı riskini artırır.

Hökumət proqramının layihəsində EAK-nı “hibrid mübarizə ocağına” çevirmək cəhdlərindən və belə halların qarşısının alınmasının zəruriliyindən də bəhs olunur.

Danielyan bu fikri “absurd” və “şablon” adlandıraraq, bunu siyasi üsul kimi qiymətləndirib.

“Daim hibrid müharibədən danışanlar, ilk növbədə hansı dövləti nəzərdə tutduqlarını izah etməyə çalışmalı, daha sonra isə Türkiyə, Azərbaycan, ABŞ və bir sıra digər ölkələrin liderləri və yüksək vəzifəli şəxslərinin müəllifi olduğu seçki proseslərinə açıq və dəfələrlə təkrarlanan müdaxilə hallarını qiymətləndirməlidirlər”, — keçmiş nazir bildirib.

Danielyanın fikrincə, hakimiyyətin məqsədi EAK-nı siyasi fəaliyyətlə məşğul olmaqda ittiham etməkdən daha çox, onun Artsax, erməni tarixi-mədəni irsi, hərbi əsirlər, Ermənistan tarixi və Erməni Kilsəsinin tarixi üzrə dərsliklər, ənənəvi ailə və milli kimliklə bağlı digər məsələlərdə ictimai mövqeyini məhdudlaşdırmaqdır. Onun fikrincə, faktiki olaraq Kilsədən hazırkı hakimiyyətin siyasətini dəstəkləməsi gözlənilir.

Bütün ermənilərin katolikosu II Qareginə qarşı hakimiyyətin kampaniyası artıq uzun müddətdir davam edir. 2026-cı il fevralın 14-də onun barəsində keçmiş Masiasotsn yeparxiyasının rəhbəri yepiskop Gevork Saroyanla (əsl adı — Arman Saroyan) bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıldığı məlum olub. Katolikosa Ermənistandan çıxış da qadağan edilib.