İran Ermənistanla sərhəddə birgə iqtisadi zona yaratmağı təklif edib

İran Ermənistanla sərhəddə birgə azad iqtisadi zona yaradılmasını təklif edib.

Sherg.az xəbər verir ki, bunu İranın “Aras” Azad İqtisadi Zonasının icraçı direktoru Hadi Moqəddəmzadə İrəvanda keçirilən “Armenia Expo 2026” sərgisi çərçivəsində “Sputnik Ermənistan”a açıqlamasında deyib.

Onun sözlərinə görə, zona Ermənistanın Meğri şəhərində, İranın “Aras” iqtisadi zonasında və ya Norduz ərazisində yaradıla bilər. Əsas məqsəd iki ölkə arasında birgə istehsal müəssisələrinin yaradılmasıdır.

Moqəddəmzadə bildirib ki, İran tərəfi Ermənistanın “Meğri” Azad İqtisadi Zonasının inkişafında da iştirak etməyə hazırdır. O, “Aras” zonasının Ermənistan investorları üçün gömrük güzəştləri, münasib qiymətə enerji təminatı və 20 il müddətinə vergi azadolmaları kimi imkanlar yaratdığını qeyd edib.

İranlı nümayəndə Ermənistanı İran üçün Avrasiya İqtisadi İttifaqına çıxış qapısı kimi qiymətləndirib və iki ölkə arasında iqtisadi əməkdaşlığın daha fəal tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb.