Kalının açıqlaması kritikdir: Region “nəzarət olunan xaos zonası”na çevrilə bilər - Türk general

Türkiyə Milli Kəşfiyyatının rəhbəri İbrahim Kalın İstanbulda keçirilən “STRATCOM” sammitində çıxışı zamanı deyib ki, regionda uzunmüddətli qardaş müharibəsi baş verə bilər.

O, ABŞ-İsrail və İran arasında müharibənin türklər, kürdlər, ərəblər və farslar arasında uzunmüddətli qardaş müharibəsi riskini doğura biləcəyini bildirib.

MİT rəhbəri bu böyük müharibə ilə birlikdə regionda ciddi bir fitnə alovunun da yandırıldığını qeyd edib.

Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a İbrahim Kalının açıqlamasının son dərəcə kritik olduğunu söyləyib:

"Bu, əslində Türkiyənin təhlükəsizlik düşüncəsinin “erkən xəbərdarlıq” səviyyəsində qiymətləndirməsini əks etdirir. İbrahim Kalın burada klassik diplomatik cümlə qurmur, daha çox regional parçalanma ssenarisinə diqqət çəkir. Bu yanaşma göstərir ki, məsələ sadəcə dövlətlərarası qarşıdurma deyil, daha dərin və uzunmüddətli risklər ehtiva edən prosesdir. Kalının “qardaş qətli müharibəsi” kimi ifadə etdiyi anlayış klassik müharibə modelindən fərqlənir. Burada söhbət dövlətlərarası savaşdan deyil, cəmiyyət daxilində və ya dövlətlərüstü müstəvidə baş verən qarşıdurmalardan gedir. Türk-kürd, ərəb-fars, sünni-şiə kimi etnik və məzhəbi xəttlər üzrə parçalanmalar bu modelin əsas xüsusiyyətlərindəndir. Bu tip müharibələrdə sərhədlər formal olaraq dəyişməz qala bilər, lakin cəmiyyətlər daxildən parçalanır. Ən təhlükəli tərəfi isə bu cür münaqişələrin bitmə müddətinin qeyri-müəyyən olması, mərkəzi hakimiyyətlərin zəifləməsi və ya çökməsi, həmçinin iqtisadi və enerji sistemlərinin dağılmasıdır".

General bildirib ki, riskin artmasının əsas səbəbi kimi ABŞ-İsrail-İran arasında mövcud olan gərginliyin artıq ənənəvi müharibə çərçivəsini aşması göstərilir:

"Bu qarşıdurma zəncirvari qırılmalar yarada biləcək potensiala malikdir. İranın çoxetnikli strukturu və daxili təzyiqlər səbəbindən kövrək olması, İraq və Suriyada mərkəzi hakimiyyətin zəifliyi və milis strukturlarının güclənməsi, eləcə də Livan və Yəməndə dövlət və qeyri-dövlət aktorlarının iç-içə keçməsi bu riski daha da artırır. Belə bir şəraitdə kiçik bir qığılcım belə çoxqatlı və uzunmüddətli vətəndaş müharibələrinə səbəb ola bilər. Bu prosesdə Türkiyə üçün əsas təhlükə qarşıdurmanın yalnız sərhədlərdən kənarda qalması deyil, ölkə daxilinə sirayət etmə ehtimalıdır. PKK/PYD xəttinin genişlənməsi, məzhəb gərginliklərinin idxal olunması, eyni zamanda İran və İraq mənşəli yeni miqrasiya dalğalarının demoqrafik və sosial balansı sarsıtması mümkündür. Bununla yanaşı, Hörmüzdən başlayaraq Bəsrə və İraq üzərindən keçən enerji və ticarət xətlərinin pozulması Türkiyənin enerji təhlükəsizliyinə də ciddi təsir göstərə bilər. “Anlaşmazlıq atəşi yandırıldı” ifadəsi isə bu prosesin yalnız hərbi deyil, həm də ictimai səviyyədə idarə olunduğunu göstərir. Bu yanaşmaya görə, artıq kimliklər silaha çevrilir. Dövlətlərdən çox qruplar arasında mübarizə ön plana çıxır və xarici güclər bu ictimai fay xətlərindən istifadə etməyə çalışır".

Analitik 2025-2035-ci illəri əhatə edən baş tuta biləcək mümkün ssenaridən danışıb: 

"Bu ssenariyə görə, region “nəzarət olunan xaos zonası”na çevrilə bilər: İran zəifləyər, lakin tamamilə dağılmaz, İraq və Suriya parçalanmış vəziyyətdə qalmağa davam edər, Türkiyə tarazlayıcı rol oynayar, İsrail isə təhlükəsizlik zolağını genişləndirər. Lakin bu balans pozularsa, Balkan tipli parçalanma və uzunmüddətli müharibələr qaçılmaz olacaq. Bu ssenarinin real olması tarixdəki oxşar nümunələrlə də əsaslandırılır. 2003-cü ildən sonra İraqda, 2011-ci ildən sonra Suriyada və 1990-cı illərdə Yuqoslaviyada baş verən hadisələr göstərir ki, xarici müdaxilə ilə daxili sosial və etnik xətlərin toqquşması uzunmüddətli münaqişələrə gətirib çıxarır".

Müsahibimiz vurğulayıb ki, İbrahim Kalının əsas mesajı böyük müharibənin özü deyil, onun doğuracağı nəticələrin daha təhlükəli olacağından ibarətdir: 

"ABŞ-İsrail-İran qarşıdurması qısa müddətli ola bilər, lakin onun yaratdığı etnik və məzhəbi qarşıdurmalar onilliklərlə davam edə bilər. Əgər bu proses nəzarət altına alınmazsa, İran daxilində parçalanma başlaya, İraq-Suriya xətti tam çökə, Türkiyə sərhədləri boyunca davamlı aşağı intensivlikli müharibə mühiti yaranacaq. Bütün region uzunmüddətli qeyri-sabitlik zonasına çevrilə bilər".