KİV: Alen Simonyan Ermənistan prezidenti postuna gətirilə bilərmi?

Ermənistan mətbuatının yaydığı məlumata görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında parlament sədri Alen Simonyandan narazılıq artıb. Bu səbəbdən vitse-spiker Ruben Rubinyanın parlament sədri vəzifəsinə namizədliyinin irəli sürüldüyü bildirilir.

Sherg.az xəbər verir ki, “Joqovurd” qəzetinin yazdığına görə, namizədliyin müəyyənləşdirilməsi zamanı keçirilən səsvermədə Simonyan 20 səsdən cəmi 5-ni toplayıb. Nəşr iddia edir ki, Simonyan yaxın çevrəsinə Baş nazir Nikol Paşinyanın onun namizədliyini dəstəkləyəcəyinə dair razılıq verdiyini, lakin gözləntilərinin doğrulmadığını deyib.

Qəzetin məlumatına əsasən, hakim partiya daxilində bəzi üzvlər Simonyanı partiya yoldaşlarını “öz adamları” və “yadlar” kimi ayırmaqda ittiham edir. Bildirilir ki, uzun müddətdir ona qarşı aparılan daxili fəaliyyət Hayk Sarkisyan tərəfindən koordinasiya olunub.

Eyni zamanda, Simonyanın tərəfdarları onun Ermənistan prezidenti və ya Yerevan meri vəzifəsinə hazırlana biləcəyi barədə məlumatlar yayırlar. Lakin qəzet bu ehtimalların hələlik siyasi əsasının olmadığını vurğulayır.

Bundan əvvəl KİV-də hazırkı prezident Vaaqn Xaçaturyanın səhhəti ilə bağlı müzakirələrin aparıldığı və onun 2029-cu ildə başa çatacaq səlahiyyət müddətindən əvvəl istefa verə biləcəyi iddia edilmişdi. Prezident postuna mümkün namizədlər arasında hökumət aparatının rəhbəri Araik Arutyunyan, Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanın adları çəkilir.