Köçəryan və oğlu saxlanıldı, gəlini cinayət işinə cəlb edildi - YENİLƏNDİ

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryanın həyat yoldaşı və müğənni Siruşonun da evində axtarış aparıblar.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Aleksandr Koçubayev bildirib.

***

11:11

Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində məlum olub ki, Ermənistan prezidenti vəzifəsində olmuş şəxs özünə yaxın şəxslərlə əvvəlcədən razılaşaraq xidməti vəzifəsindən istifadə etməklə, müxtəlif saxta əsaslarla dövlət mülkiyyətində olan, ictimai-iqtisadi əhəmiyyət daşıyan bir sıra qiymətli əmlakları dövlət mülkiyyətindən çıxarıb və onları bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə mənimsəyib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Cinayət işi çərçivəsində altı nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayətkar sxemlərdə iştirak edən digər şəxslər saxlanılıb.

***

10:25

Ermənistanın ikinci prezidenti Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan parlamentinin deputatı Levon Köçəryanın evində axtarış aparıblar, Robert Köçəryanı isə Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparıblar.

Bundan əlavə, səhər tezdən vergi orqanları “Toyota” şirkətinin İrəvandakı ofisini möhürləyib. Hazırda komitənin əməkdaşları “Orange Fitness” klubundadır.

İstintaq Komitəsinin məlumatına görə, cinayət işi çərçivəsində “Orange Fitness” idman klubunda, “Play City” əyləncə mərkəzində və onların rəhbərlərinin evlərində istintaq və digər prosessual tədbirlər həyata keçirilir. Köçəryan ailəsinin bu şirkətlərdə payları var.

Yerli mediaya yazıb ki, Baş nazir Nikol Paşinyan dünən hüquq-mühafizə orqanlarına Robert Köçəryan və digər sabiq prezident Serj Sərkisyanın qanunsuz əmlakının müsadirə edilməsi ilə bağlı göstəriş verib.

***

09:20

Ermənistanın ikinci prezidenti Robert Köçəryan dindirilmə üçün Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə sabiq prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan bildirib.

“Səhər tezdən Robert Köçəryan istintaq orqanının əməkdaşları tərəfindən Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparıblar”, - o deyib.

Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın oğlu, deputat Sedrak Köçəryanın evində axtarış aparıblar.

İstintaq orqanından məsələ ilə əlaqədar yerli mediaya bildirilib: “Ermənistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komitəsində korrupsiya xarakterli cinayətlərlə bağlı araşdırılan cinayət işi çərçivəsində çoxlu sayda ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir”.