Paşinyandan yeni sığorta planı: Maaşı az olanların tibbi xərci "patronların" üzərinə düşəcək

Ermənistanda aylıq maaşı 200 min dramdan (təxminən 540 dollar) aşağı olan işçilərin tibbi sığortasının bir hissəsinin 2027-ci ildən etibarən işəgötürənlər tərəfindən ödənilməsi təklif olunur.

Sherg.az xəbər verir ki, məsələ Ermənistanın Baş naziri Nikol Paşinyanın keçirdiyi müşavirədə müzakirə edilib.

Təklifə əsasən, 2027-ci ildə aylıq 10,8 min dramlıq (29 dollar) sığorta paketinin 4,4 min dramını hökumət, 2 min dramını işçi, qalan 4,4 min dramını isə işəgötürən ödəyəcək. İşçinin maaşı 200 min dramı keçərsə, işəgötürənin ödəniş öhdəliyi olmayacaq.

2028-ci ildən işçinin payı 6 min drama yüksələcək. Lakin bu məbləğ gəlir bəyannaməsi təqdim edildikdən sonra vergi güzəşti formasında geri qaytarıla biləcək. İşəgötürən isə 4,8 min dram ödəyəcək.

Paşinyan bildirib ki, hökumət 2029-cu ildən bütün əhalinin icbari tibbi sığorta sisteminə cəlb edilməsini planlaşdırır. O, tibbi xidmətlərin bahalaşması səbəbindən sığorta haqlarının da indeksləşdirilməsinin zəruri olacağını qeyd edib.

Ermənistanda ümumi tibbi sığorta sistemi 1 yanvar 2026-cı ildən qüvvəyə minib. 18 yaşadək və 65 yaşdan yuxarı şəxslərin, əlilliyi olan vətəndaşların və sosial təminatsız ailələrin sığortasını dövlət tam maliyyələşdirir.