İran Prezidenti Məsud Pezeşkian polis qüvvələrinin komandanı Əhmədrza Radan və “Fərəcə” təşkilatının rəhbərliyi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Hökumət zədələnmiş mərkəzləri bərpa etməyi və “Fərəcə”nin əməliyyat qabiliyyətini gücləndirməyi, ona dəstəyi artırmağı özünün əsas vəzifələri arasında hesab edir. Bu baxımdan lazım olan hər şeyi ciddi şəkildə həyata keçirəcək və təmin edəcək.
Məhdudiyyətlərə və imkan darlığına baxmayaraq, “Fərəcə” İranın daxili təhlükəsizliyinin təmin edilməsi sahəsində təsirli, nüfuzlu və fədakar mövqeyə malikdir. Hökumət bu kompleksin gücləndirilməsində bütün zəruri dəstəyi göstərməyi özünün borclu olduğunu düşünür”, - Pezeşkian bildirib
ABŞ və İsraillə son müharibə zamanı İranın polis komandanlığına məxsus bir çox obyekt və mərkəz dağıdıcı hava hücumlarına məruz qalıb.
Qeyd edək ki, “Fərəcə” İranın ali rəhbəri (indiki halda Müctəba Xamenei – red.) yanında kəşfiyyat təşkilatıdır, hüquq-mühafizə orqanlarının komandanlığına bağlıdır, məlumat, rabitə və sənədlərin monitorinqi və nəzarəti üzrə cavabdehdir.
“Fərəcə”nin komandanı İranın ali rəhbəri tərəfindən təyin edilir.