Ermənistanın keçmiş prezidenti Robert Koçaryana ittiham irəli sürülüb.
Sherg.az xəbər verir ki, bunu onun vəkili Aram Orbelyan bildirib.
Vəkilin sözlərinə görə, Koçaryana təqdim edilən ittihamda onun hər hansı cinayətə aidiyyəti təsvir olunmayıb.
“İttihamda təsvir olunanlar cinayət deyil və sənəddə cənab Koçaryanın hər hansı cinayətlə əlaqəsi göstərilməyib. Biz bunu siyasi proseslər kontekstində qiymətləndiririk”, - deyə Orbelyan bildirib.
Orbelyan qeyd edib ki, müdafiə tərəfi hazırda Koçaryana təqdim olunan ittihamla tanış olub və sənədin məzmunu ilə bağlı çoxsaylı problemlər görür.
Müdafiə tərəfi hesab edir ki, Koçaryanın həbsinə dair vəsatət məhkəməyə təqdim olunacaq. Bildirilir ki, o, sonradan məhkəməyə çıxarılması məqsədilə saxlanılıb.
Avqustun 25-də səhər saatlarından etibarən Robert Koçaryanın evində axtarışlar aparılıb. Ermənistanın ikinci prezidenti və onun böyük oğlu Sedrak Koçaryan saxlanılıb.
Daha əvvəl Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində onlarla ünvanda axtarışların və digər prosessual tədbirlərin keçirildiyini açıqlayıb.
Qeyd edək ki, bütün bunlar avqustun 24-də parlamentdə Levon Koçaryanla Baş nazir Nikol Paşinyan arasında yaşanan sözlü qarşıdurmadan sonra baş verib. Paşinyan Koçaryanın 10 il hakimiyyətdə olduğu müddətdə necə milyonçu olmasına dair sual verib. Baş nazir daha sonra bildirib ki, Levon Koçaryanın övladları onun milyonlarını miras ala bilməyəcəklər, çünki qanunsuz əldə edilmiş bütün əmlak geri qaytarılmalıdır. Paşinyan bunu “Koçaryan və Sarkisyan klanı”nın bütün nümayəndələrinə aid edib.
Levon Koçaryan isə bildirib ki, demokratik ölkədə hökumət başçısının bu cür açıqlamalar verməyə və insanı heç bir əsas olmadan günahkar elan etməyə haqqı yoxdur.
Gecə saatlarında KİV-də Baş nazirin hüquq-mühafizə orqanlarına Robert Koçaryan və onun oğullarına qarşı prosesə başlanması ilə bağlı göstəriş verdiyi barədə məlumatlar yayılıb.