Ermənistan Gümrüdə yerləşən Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı Moskvaya müraciət etməyib.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə açıqlamasında deyib.
“Ermənistan tərəfdən Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir müraciət almamışıq. Biz əvvəlki kimi hesab edirik ki, bu baza Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementidir”, – Qaluzin bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistan xalqının istəyi olacağı təqdirdə Moskvanın Gümrüdəki hərbi bazada mövcudluğunu davam etdirməyə hazır olduğunu açıqlayıb. Putin, eyni zamanda, İrəvan buna ehtiyac görməzsə, Rusiya hərbi kontingentinin ölkəni tərk edə biləcəyini deyib.