Fəhləlikdən modelliyə

60 yaşlı kişi sosial mediada fenomenə çevrilib

Təmiz geyim, bahalı ayaqqabılar və səliqəyə salınmış saç-saqqal... Məhz bunlar 60 yaşlı hindli Mammikanı məşhurlaşdırdı. CNN Türk xəbər verir ki, 60 yaşlı hindli hazırda sosial mediada fenomenə çevrilib. Günəmuzd fəhlə işləyən, çörək pulu qazanmaq üçün hər cür ağır, çirkli işlərə razılaşan Mammikanın başına, nağıllardakı kimi əsl tale quşu qonub. Hindistanın cənub-qərbindəki Kerala əyalətinin sakini Mammika fəhləliklə məşğul olub. 

Günlərin birində isə o, fotoqraf Shareek Vayalilin dqqətini çəkib. Fotoqraf  Mammikaya yaxınlaşaraq ona yerli ayaqqabı markasının siması olmağı təklif edib. Və bunun müqabilində yüksək məbləğdə qazanc əldə edəcəyini deyib. Mammika onu necə bir məşhurluq gözlədiyinin fərqinə varmadan razılaşıb. Mammika marka reklamı üçün çəkilişlərə dəvət edilib. Əynindəki milli peştamal (hindli kişilərin beldən aşağı sarıdığı tikişsiz, düyməsiz pambıq parça) və nimdaş köynək çıxarılıb,

 saçı, saqqalı səliqəyə salınıb. Təmiz, bahalı kostyum və marka ayaqqabı geyindirilib. Mammika bam-başqa birisinə dönüşüb. Və kameralar önünə keçib.

 Mammikanın əvvəlki və hazırkı halını əks etdirən fotolar sosial mediada paylaşıldıqda görənlərin çoxu onu Hindistanın məşhur aktyor və bəstəkarı Vinayakana bənzədib. Bununla da Mammikanın şöhrəti ölkə sərhədlərini aşıb.  Mammikanı bəyənənlərin sayı hər gün artmaqdadır. 

Qəribə burasıdır ki, hindli kişi nəinki ölkədə, hətta ölkədən kənarda da artıq məşhurlaşsa da, yenə fəhləliklə məşğuldur. Kərpickəsən kişi kimi,  “kərpic kəsməkdə” davam edir.