Cütlük heyvanlarla danışa bilirlər


Susie bildirir ki, bütün insanlar heyvanlarla ünsiyyət qurmaq istedadına malikdir

Susie Shiner və Paul Brithwaite cütlüyü qeyri-adi istedada malik olduqlarını və bunun sayəsində heyvanlarla – hətta ölü, ya diri fərq etmir – danışa bildiklərini iddia edirlər. Bu, nə dərəcədə həqiqətəuyğundur? “Şərq” “Milliyet.com”da yer alan məlumatı oxuculara təqdim edir. Susie və Paul cütlüyü İngiltərədə yaşayır. Onlar iddia edir ki, heyvanlarla ünsiyyət qura bilirlər. Məsələn, bəslədiyiniz it və ya pişiyin doyub-doymadığını, təmizlənməyə ehtiyacı olub-olmadığını, istəklərini  onların özündən soruşurlar. Cütlük bunu telepatiya üsulu ilə gerçəkləşdirdiyini deyir. Telepatiya birbaşa ünsiyyət olmadan, beyin dalğalarını hərəkətə gətirməklə əlaqə yaratmaqdır. Telepatiya deyilən bir hipotez var, lakin onun nə dərəcədə real olduğu da müzakirə mövzusudur.  Susie və Paul isə məhz telepatiya vasitəsilə heyvanlarla ünsiyyət qurduqlarını iddia edir. Cütlük feysbuk sosial şəbəkəsində səhifə açıb və özlərini “İngiltərənin heyvanlarla əlaqə yaradan ən etibarlı cütlüyü” olaraq tanıdırlar. Susie bildirir ki, bütün insanlar heyvanlarla ünsiyyət qurmaq istedadına malikdir. Bu, hər bir canlının anlayacağı ümumi bir dildir. Cütlük malik olduqları istedadı əyani nümayiş etdirmək üçün turlar da təşkil edir. Turlara qatılanlara heyvanlarla necə anlaşdıqlarını göstərirlər. Cütlüyün bu fitri istedadına böyük maraq var və onlara müraciət edənlərin sayı da getdikcə artır.