Film kimi... - Atəş altında iki can dünyaya gəldi


Amerikalı cütlük yeni doğulmuş körpələrinə qovuşa bilmir

   Rusiya-Ukrayna müharibəsi ağlagəlməz bir hadisəyə də səbəb olub.  “Şərq” “Hürriyetcom”a istinadən dünyaya gəldikləri gündən od-alovun əhatəsində qalan yeni doğulmuş 2 körpənin başına gələnləri təqdim edir. Körpələr amerikalı cütlüyün övladlarıdır. Amma onları surroqat ana dünyaya gətirib. Amerikalı cütlük – 46 yaşlı Alexander Spektör və 48 yaşlı İrma Nunnez yeni doğulmuş körpələrinə qovuşacaqları günü gözləyir. 

Ata-ana ABŞ-da, körpələr isə Kiyevdədir. Cütlük övlad sahibi olmaq üçün daşıyıcı ana axtarışına çıxıblar və onu Kiyevdə tapıblar.  Hardan biləydilər ki, müharibə başlayacaq və körpələri od-alovun içində qalacaq?  Körpələrin dünyaya gəlməsinə və ailəyə təslim edilməsinə 7 həftə vardı. Rusiya Ukraynaya hücuma keçən günün ertəsi Alexanderin telefonuna zəng gəlib və ona “əkiz oğlunuz oldu”, müjdəsi verilib. Məlum olub ki, əkizlər vaxtından əvvəl dünyaya gəlib. Erkən doğuma rəğmən körpələr sağlamdır. Problem yalnız budur ki, körpələr atəş altında qalan şəhərin xəstəxanasındadırlar. Spektör “bu, dəliliyə oxşayır. Bu, həyatımızın ən uzun həftəsi oldu”, deyib. Hazırda amerikalı valideynlər körpələrini atəş altından necə çıxaracaqlarını düşünür, bir yol tapmağa çalışırlar. Körpələrin xəstəxanadan çıxarılması üçün xüsusi tibbi yardım maşını lazımdır. 

Ancaq hazırkı şəraitdə buna nail olunması mümkünsüz görünür. Körpələr vaxtından əvvəl doğulduqları üçün bir müddət xüsusi nəzarət altında və aparatlara bağlı qalmalıdırlar. Bu da onların xəstəxanadan və ölkədən çıxarılmasını çətinləşdirir.

 Valideynlərsə körpələrini qısa zamanda, heç olmasa ən yaxın və təhlükəsiz ölkəyə - Polşaya təxliyə edilmələrini istəyirlər. Valideynlər hətta ABŞ Xarici İşlər Nazirliyinə müraciət edib, senatorlarla da danışıblar. Lakin hələ də çarəsiz şəkildə gözləməkdən başqa əllərindən bir şey gəlmir. 

Spektör heç nəyə baxmayaraq yenə də özünü xoşbəxt hiss etdiyini deyib:

 İki can dünyaya gəldi. Dünyaya gəlişləri də çox çətin oldu, valideynlərinə qovuşmaları da çətin olacaq. Bütün bu dağıntılar içində dünyaya gəlmələri yenə də bizə inanılmaz dərəcədə ümid verir”.