Ürəkləri isidən görüntü...


Taksi sürücüsü yaşlı qadını evinə belində apardı

İstanbulda taksi sürücüsü çətinliklə hərəkət edən yaşlı qadını ikinci mərtəbədəki mənzilinədək belində daşıyıb. Sosial mediada yayılan görüntü sürücüyə böyük rəğbət qazandırıb. “İnsanlıq hələ ölməyib”, deyən izləyicilər sürücünün bu hərəkətini yekdilliklə təqdir ediblər. Başqa cür ola da bilməzdi. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, taksi sürücüsü Süleyman Güngör 59 yaşındadır.

15 ildir taksi sürücüsüdür. İstanbul Sabiha Gökçen hava limanı ərazisində məsuldur. Bu dəfə də hava limanı ərazisində taksiyə minən müştərilərini Eyubsultan bölgəsinə aparıb, oradan qayıdarkən küçədə hərəkət etməkdə çətinlik çəkən yaşlı qadın diqqətini cəlb edib. Qadının ətrafında qonşuları da varmış. Lakin onlar güclə addım atan qadına kömək edə bilmirdi. Bunu görən sürücü taksidən enib qadına yaxınlaşır və “xala, gəl səni evinə aparım”, deyir. Yaşlı qadını və yanındakı 2 qadını da taksiyə mindirir. Qadın evinə çatdıqda isə məlum olur ki, ikinci mərtəbəyə qalxması çox çətindir. Sürücü yenə qadına kömək edir, belinə alıb ikinci mərtəbəyə qaldırır. 

Sürücünün bu xeyirxahlığını qonşu qadın mobil telefonla çəkib. Görüntülər sosial mediada yayıldıqdan sonra taksi sürücüsü hadisə barədə İHA-ya danışıb. Süleyman Güngör deyib ki, qadının duası onun üçün hər mükafata dəyər: “mənə dua etdi. Çox sevindim. 

Bu, mənim vəzifəmdir, bunu hər kəs edər. Xala, “məni İstanbulun bu başından o başına apar” desəydi də, aparacaqdım. Ürəyimdən keçdi, kömək etdim”. 

S.Güngörün iş yoldaşları da onun haqqında xoş sözlər deyib. S.Güngörün məsləyini sevdiyini, köməyə ehtiyacı olanlara daim bacardığı qədər yardım etdiyini, müştərilərin daim ondan razı qaldıqlarını söyləyiblər. S.Güngör İstanbulun qonaqlarıyla da xüsusi nəzakətlə davranır. İstanbula ilk gələn müsafirlərə şəhərin gəzməli-görməli yerləri barədə məlumat verir, onları istədikləri məkana tez və rahat çatdırır. Qısası, hamı Süleyman Güngördən razıdır.